06 aprel 2026 19:24
180

WUF13: Azərbaycanın şəhərsalma siyasətində strateji dönüş nöqtəsi

Ölkəmiz qarşısına sadəcə irimiqyaslı beynəlxalq tədbirə səmərəli şəkildə ev sahibliyi etmək deyil, həm də şəhər inkişafı məsələlərində real nəticələrə nail olmaq kimi qlobal hədəflər qoyur

Dünyada şəhərsalma proseslərinin sürətlə artdığı bir dövrdə şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma modelləri, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri və sosial inklüzivlik kimi məsələlər beynəlxalq gündəliyin əsas mövzularından biridir. Bu baxımdan dünyanın ən nüfuzlu platformalarından hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)Bakıda təşkil edilməsi Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mühüm platformalara ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirir. Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyası şəhərsalma sahəsində də mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Paytaxt Bakıda aparılan yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri, nəqliyyat sisteminin təkmilləşdirilməsi və ekoloji layihələrin həyata keçirilməsi ölkəmizin şəhər inkişafı sahəsində ciddi təcrübə formalaşdırdığını göstərir. Bu təcrübənin beynəlxalq ekspertlər və təşkilatlarla bölüşülməsi baxımından WUF13 xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, şəhərsalma üzrə ekspertlər, akademik dairələrin nümayəndələri və özəl sektor təmsilçilərinin iştirakı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi rolunu daha da gücləndirir.

Bu günlərdə İtaliyanın tanınmış "La nostra Gazzetta" saytında dərc olunan məqalədə qeyd olunub ki, bu cür tədbirlər Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə, yeni tərəfdaşlıqların formalaşmasına və şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin mübadiləsinə geniş imkanlar yaradır. Müəllifi Elnur Camalxanov olan məqalədə, həmçinin bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının digər sektorlarında olduğu kimi, nəqliyyat sahəsində də inklüziv və dayanıqlı inkişafa nail olunub. Gələn ay Azərbaycan paytaxtı COP29-dan sonra dünyanın ikinci ən böyük tədbiri hesab olunan WUF13-ə ev sahibliyi etməyə tam hazırdır: "May ayının 17-dən 22-dək keçiriləcək Forum qlobal şəhər idarəçiliyi, infrastruktur və dayanıqlı şəhər strategiyalarının müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Bakı şəhəri WUF13 iştirakçılarını tam hazır, mərkəzləşmiş və koordinasiyalı nəqliyyat sistemi ilə qarşılayaraq, hər detaldan maksimum səmərə əldə etməyə hazırdır".

Onun sözlərinə görə, xüsusilə COP29 və digər qlobal forumlarda əldə edilmiş təcrübələr, Bakının nəqliyyat infrastrukturu və xidmətlərinin peşəkarlıqla planlaşdırılmasına və optimallaşdırılmasına yönəldilib: "Bu təcrübələr Bakı şəhərinə imkan verir ki, WUF13-də qonaqlara rahat, təhlükəsiz və sürətli nəqliyyat imkanları təqdim etsin, həmçinin şəhərin beynəlxalq arenada imicini gücləndirsin. Bakı nəqliyyat sistemi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), "AZCON Holding"ə daxil olan "Bakı Taksi Xidməti", "BakuBus", o cümlədən Bakı Metropoliteni və digər əlaqəli qurumların əməkdaşlığı ilə mərkəzləşmiş koordinasiya platformasında işləyir. Hər bir qurum əməliyyat komitəsi ilə sinxron şəkildə fəaliyyət göstərir, şəhərin müxtəlif zonalarında nəqliyyat axını optimallaşdırılır, həm ictimai nəqliyyatın, həm də taksi xidmətlərinin fəaliyyəti maksimum səmərəli hala gətirilir. Bu yanaşma təkcə yerli sakinlər üçün deyil, həm də xarici qonaqlar üçün rahat və planlı nəqliyyat təcrübəsi təmin edir".

Məqalədə o da vurğulanıb ki, Forum zamanı Bakı şəhərinin yolları, avtobus marşrutları, taksi stansiyaları və digər nəqliyyat infrastrukturu əvvəlcədən planlaşdırılıb: "Hər bir detal - sıxlıq analizi, marşrut planlaması, yol nişanları və elektron göstəricilər - əməliyyat komitəsinin nəzarəti altında hazırlanır. Bu, şəhərin nəqliyyat sisteminin həm funksional, həm də vizual cəhətdən qonaqlar üçün əlçatan və rahat olmasını təmin edir".

İtaliya KİV-ində dərc olunan məqalədə bildirilib ki, Bakı şəhərinin mərkəzləşmiş nəqliyyat sistemi yalnız texniki hazırlıqla məhdudlaşmır: "Burada insanların rahatlığı, xidmətdə səmimiyyət və qonaqpərvərlik də ön plandadır. Hər bir dayanacaq, hər bir avtobus stansiyası, hər bir taksi xidməti qonaqların məmnuniyyətini qazanmaq üçün nəzərdə tutulub. Bu yanaşma, şəhərin yalnız fiziki infrastrukturunu deyil, həm də xidmət keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırır. Bütün bu hazırlıq və koordinasiya, WUF13-də Bakı şəhərinin mükəmməl bir ev sahibi kimi təqdim olunmasına zəmin yaradır. Forum iştirakçıları həm şəhərin zəngin mədəniyyətini və tarixi yerlərini kəşf edə biləcək, həm də rahat, təhlükəsiz və sürətli gediş gəliş imkanlarından faydalana biləcəklər. Bakı, həm yerli sakinlər, həm də qlobal qonaqlar üçün mərkəzləşmiş, koordinasiyalı və mükəmməl nəqliyyat sistemi nümunəsi yaradıb".

Qeyd edək ki, Forumun Azərbaycanda keçirilməsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinin də beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm platformadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, müasir urbanizasiya prinsiplərinə uyğun qurulan yeni yaşayış məntəqələri dünya üçün də maraqlı təcrübə hesab olunur. Bu layihələr dayanıqlı inkişaf və innovativ şəhər idarəetməsi baxımından nümunə kimi təqdim edilə bilər. Burada “sıfırdan quruculuq” modeli tətbiq olunur ki, bu da ən müasir urbanizasiya standartlarının birbaşa reallaşdırılmasına imkan verir. Bu çərçivədə ekoloji tarazlıq, yaşıl enerji istifadəsi, dayanıqlı nəqliyyat və rəqəmsal idarəetmə sistemləri əsas prioritetlər kimi çıxış edir.

Belə mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizin turizm və iqtisadi potensialının təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Forum çərçivəsində ölkəmizə gələn çoxsaylı xarici qonaqlar Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti və inkişaf strategiyası ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu isə uzunmüddətli perspektivdə ölkəmizə yeni investisiyaların cəlb olunmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Sevinc Azadi, “İki sahil”