08 aprel 2026 11:06
167

Pavel Palisa: Rusiya Vinnitsa bölgəsində “bufer zonası” yaratmaq istəyir

Rusiya Ukrayna ilə sərhəd bölgəsində - tanınmamış Dnestryanı tərəfində, Vinnitsa bölgəsində yeni “bufer zonası” yaratmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, Ukrayna Prezident aparatı rəhbərinin müavini, briqada generalı Pavel Palisa bunu “RBC-Ukrayna”ya verdiyi müsahibədə bildirib.

“Rusiya planlarını, ilk növbədə onların həyata keçirilməsi üçün son tarixləri daim dəyişir. Əlbəttə, bu il onların əsas diqqəti Donbasa yönələcək. Əlverişli şərait nəzərə alınmaqla, onlar cənub istiqamətində - yəni Aleksandrovski və bütün Zaporojye istiqamətində səylərini artıracaqlar”, - deyə Palisa qeyd edib.

Briqada generalının sözlərinə görə, Moskvanın gələcək niyyətlərinə gəldikdə, Rusiya tərəfi hələ də Xarkov, Sumı və Çerniqov bölgələrində “bufer zonası” yaratmağı planlaşdırır.

Prezident Aparatı rəhbərinin müavini əlavə edib: “Onlar, həmçinin Zaporojye və Xerson bölgəsini ələ keçirmək cəhdi üçün şərait yaratmaq və uzunmüddətli perspektivdə Nikolayev və Odessa bölgələrini ələ keçirmək məqsədilə aqressiv ambisiyalarını həyata keçirmək ideyasından əl çəkməyiblər. Üstəlik, onların planlarına hətta tanınmamış Dnestryanı tərəfində yerləşən Vinnitsa bölgəsində “bufer zonası” yaratmaq da daxildir”.

O, həmçinin vurğulayıb ki, bu cür planlar ilk dəfə qeydə alınıb.

Palisa əlavə edib: “Düzünü desəm, burada təşvişə düşməyə ehtiyac yoxdur, çünki hazırda onların bütün bu niyyətləri həyata keçirmək üçün adekvat gücü olduğunu görmürəm”.