08 aprel 2026 11:39
171

İranın ABŞ-la danışıqlarında nümayəndə heyətinə Qalibaf rəhbərlik edəcək

İranın ABŞ-la aparacağı danışıqlarda ölkənin nümayəndə heyətinə parlament sədri Məhəmməd-Baqir Qalibaf rəhbərlik edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens başçılıq edəcək. Daha əvvəl bu barədə CNN telekanalı da məlumat vermişdi. Həmin məlumata əsasən, Vaşinqton tərəfindən danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı, Trampın kürəkəni Cared Kuşner də iştirak edəcək.

İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, görüş aprelin 10-da İslamabad şəhərində keçiriləcək.

ABŞ prezidenti Donald Tramp isə bu gün təsdiqləyib ki, Amerika tərəfi İrana qarşı zərbələri iki həftəlik dayandırmağa hazırdır. İsrail bu qərarı dəstəkləsə də, Təl-Əviv Livana qarşı zərbələri davam etdirəcəyini vurğulayıb.

Donald Trampın sözlərinə görə, İran və ABŞ arasında sülh nizamlanması istiqamətində irəliləyiş əldə olunub və qarşıdakı iki həftə ərzində yekun razılaşma rəsmiləşdirilə bilər.