Prezident İlham Əliyevin aprelin 6-da Tbilisiyə səfərini, burada Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərini Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Sözügedən səfərdə aparılan danışıqlar ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələrinin perspektivlərini də geniş şəkildə əhatə edib.
Bu, bir həqiqətdir ki, Cənubi Qafqazda siyasi sabitliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın təmin olunmasında Azərbaycan-Gürcüstan münasibətlərinin önəmi daha böyükdür. Məhz həmin münasibətlər uzun illərdir qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. İndi Azərbaycanla Gürcüstan arasında mövcud olan isti münasibətlər region üçün ən uğurlu nümunələrdən biridir.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki liderin mətbuata bəyanatları zamanı səsləndiridikləri fikirlər də bir daha təsdiq edir ki, iki qonşu ölkə arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə daha da genişlənəcəkdir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və ölkələrimiz bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. Bu yanaşma regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Bu, bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas güc mərkəzinə çevrilib. Azərbaycan dövləti beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirib. Respublikamızın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq hər il daha da genişlənir. Bir sözlə, Prezident İlham Əliyevin qlobal geosiyasi manevrləri sayəsində Azərbaycan beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib. Bu fakt isə respublikamızın geosiyasi mövqelərin möhkəmlədib və nüfuzunu daha da artırıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında Orta Dəhlizin əhəmiyyətinə də xüsusi diqqət çəkib. Vurğulayıb ki, hazırda Avropa ilə Asiyanı birləşdirən marşrut üzrə yükdaşımaların həcmi artıb. Bu isə Azərbaycan-Gürcüstan əməkdaşlığının həmin sahədə həlledici rol oynadığının göstəricisidir.
Tbilisiyə səfər çərçivəsində regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə olunması Azərbaycanın regional güc və təşəbbüskar dövlət kimi çıxış etdiyini təsdiqləyir. Ölkəmizin rəhbəri Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə bağlı fikirləri isə Azərbaycanın regionda sabitliyin formalaşmasında aparıcı rol oynadığını sübut edir. Xüsusi vurğulamaq lazımdır ki, hazırda Bakı və Tbilisi münasibətləri yalnız iki ölkənin maraqlarına xidmət etmir. Bu həm də iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsindən əlavə, regional sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə yardım edir. Sözügedən tərəfdaşlıq ümumilikdə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatlarından biri hesab olunur.
Prezident İlham Əliyevin bu səfəri bir daha sübut etdi ki, Azərbaycan xarici siyasətində sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə daim sədaqətlə yanaşıb. Səfər çərçivəsində keçirilən görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərdi.
İsmayl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri