08 aprel 2026 11:54
148

Yunanıstanda 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Yunanıstan hökuməti 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrə girişin qadağan olunması barədə qərar qəbul edib.

“İki sahil” ERT-yə istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis bu gün rəsmi açıqlama verəcək.

Baş nazirin bəyanatının yerli vaxtla günorta saatlarında səsləndiriləcəyi gözlənilir. Saat 13:00-da isə səhiyyə və rəqəmsal idarəetmə nazirlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, ilin əvvəlində Reuters agentliyi Yunanıstan hakimiyyətinin yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq planları üzərində işlədiyini bildirmişdi. Mart ayında isə Mitsotakis Bloomberg agentliyinə açıqlamasında bu qadağanın hazırlandığını təsdiqləmişdi.

Kiriakos Mitsotakis sosial şəbəkələrin uşaqlar və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərdiyini sübut edən dəlillərin mövcud olduğunu bildirib. O, həmçinin ümid etdiyini vurğulayıb ki, gələcəkdə Avropa ölkələri bu məsələ ilə bağlı vahid yanaşma formalaşdıracaqlar.