08 aprel 2026 18:52
149

Gürcüstanda müsbət sərmayə iqlimi var

“Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər”. Bu sözləri aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuata bəyanatında deyib. O, həmçinin vurğulayıb ki, bu günə qədər Azərbaycan investorları tərəfindən çox müsbət sərmayə iqlimi olan Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. İqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyi şübhəsizdir. Dövlətimizin başçısının fikrincə, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir: ”Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır”.

Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq mərkəzinə çevrilməsində Gürcüstanın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və bu bölgədə yerləşən ölkələr bu imkanları əldən verməməlidir: “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”.

Xatırladaq ki, bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Şübhəsiz, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin gücləndirilməsində ticarət əlaqələrinin rolu önəmlidir və Gürcüstan bu prosesdə vasitəçi və tranzit ölkə kimi çıxış edir. Bir məsələni də vurğulayaq ki, Cənubi Qafqazın digər ölkəsi Ermənistanla Azərbaycan arasında de-fakto sülh bərqərar olub. Amma bunu yetərli hesab etmək olmaz. Əsas məsələ, yəni sülh müqaviləsinin imzalanması, onun hüquqi çərçivəyə salınması zəruridir. Bu addım həm də Ermənistanın keçmiş münaqişə ritorakasından tam uzaqlaşması demək olardı. Çünki sülh və sabitlik üçün regionun bütün dövlətlərinin səfərbərliyi mühüm amildir. Məhz bunun həlli Cənubi Qafqaza daha firavan gələcək vəd edir.

Azərbaycan nefti, qazı Gürcüstanla dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən nəql edilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub qaz dəhlizi kimi layihələr yalnız ikitərəfli deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Bununla da bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyən Gürcüstan ilə Azərbaycan beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlar olduqlarını sübut ediblər. Bu mənada demək olar ki, digər regionlar və alyanslar üçün nümunə olan Azərbaycan-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda sülh və tərəqqinin qarantıdır. Bu uğuru həm də Şərq ilə Qərbin kəsişməsində yerləşən ölkəmizin Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində real siyasi və iqtisadi gücə çevrilməsi kimi dəyərləndirmək olar. Unutmayaq ki, Cənubi Qafqazda real inteqrasiya üçün əsas şərt – sülh və bərabərhüquqlu tərəfdaşlıq mühiti – yalnız 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra formalaşmağa başlayıb.

Şübhəsiz, Azərbaycan Prezidentinin Gürcüstana növbəti dövlət səfəri də tərəflər arasındakı əməkdaşlığın dərinləşməsinə, münasibətlərin müsbət istiqamətdə irəliləməsinə xidmət edəcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil"