08 aprel 2026 18:10
139

Bakı daim sülhə sadiqdir

Bu gün Azərbaycan bütün dünyada sülhsevər ölkə kimi tanınır. Qırx dörd günlük Vətən müharibəsində tarixi ədalətin bərpasından sonra Azərbaycan sülhyaratma mövqeyi ilə daim diqqət çəkib. Son zamanlar Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsi istiqamətində atılan addımlar bütün dünyaya bir daha göstərdi ki, dövlətimiz həm milli maraqlara sadiqdir, həm də regionda davamlı sülh və sabitliyi təmin etmək gücündədir.

Rəsmi Bakı postmünaqişə dövründə regionada sülhün davamlılığını təmin etmək üçün ciddi addımlar atır. Ölkəmiz Ermənistan-Azərbaycan müharibəsi rəsmən başa çatdıqdan sonra, eləcə də sülh məsələsinin siyasi-hüquqi mərhələyə keçdiyi bir dövrdə iki dövlət arasında qarşılıqlı inam və etimad üçün rasional addımlar atır.

Prezident İlham Əliyev 2026-cı il yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur: “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən hadisələrə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Bu günlərdə Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib. Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Dünya nizamının yenidən qurulduğu, hətta demək olar ki, planetar nizamsızlığın hökm sürdüyü bir dördə, ətrafını müharibə və münaqişələrin sardığı Cənubi Qafqazda sülhün memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Belə mürəkkəb bir dövrdə hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. 

Sülh bütün dünyada inkişaf, tərəqqi, rifah, sabitlik və əməkdaşlıq naminə insanları bir araya gətirmək üçün zəruridir. Sülh hər şeydən əvvəl qurub-yaratmağı, social-iqtisadi inkişafı təmin edən dəyərdir. Dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət bir daha sübut etdi ki, sülhün alternativi yoxdur. Məhz ölkə başçısının dərin elmi əsaslara söykənən, milli maraqlara uyğun yürütdüyü daxili və xarici siyasətin nəticəsində uzun müddətdən bəri münaqişə zonası kimi yadda qalmış Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir. 

Daim sülhə sadiq qalan Azərbaycan beynəlxalq hüquq normalarının  ciddi şəkildə pozulduğu, haqlı olan güclü deyil, güclü olan haqlı sayıldığı, qlobal özbaşınalığın hökm sürdyü indiki mürəkkəb və xaotik bir dövrdə sülh gündəliyinin möhkəmlənməsinə, qarşlıqlı əməkdaşlığa, bütün dünyada sülhün bərəqərar olmasına böyük töhfələr verir. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edərək dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırması, Məsud Pezeşkianın isə öz növbəsində bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirməsi bu baxımdan xüsuilə diqqəti cəlb edir.

Zahid Rza, “İki sahil”