Son günlərdə Türkiyədə yağan güclü yağışlar səbəbindən iki nəfər həyatını itirib, şəhərlərdəki infrastruktura ciddi ziyan dəyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin Osmaniyə vilayətində leysandan sonra daşqınlar və sel səbəbindən 2 nəfər həlak olub.
Kadirli rayonunda axşam saatlarında başlayan güclü yağış səbəbindən rayon mərkəzindən keçən çay məcrasından çıxıb. Daşqın nəticəsində yaranan sel bəzi avtomobilləri axına qataraq aparıb, bəziləri isə sular altında qalıb.
Həmçinin, güclü yağış Osmaniyənin Düziçi rayonunda Dəliçay üzərindəki körpünü uçurub. Nəticədə Karacaoğlan məhəlləsi ilə Göllülər kəndi arasındakı yol hərəkət üçün bağlanıb.
Agentlik Qaziantep və Şanlıurfada da güclü yağışın bir sıra fəsadlar törəməsi barədə məlumat dərc edib.
Qeyd olunub ki, güclü yağış nəticəsində bəzi küçə və prospektlərdə fəsadlar yaranıb, sürücülər hərəkət etməkdə çətinlik çəkiblər.
Şəhər valilikləri sel və daşqın, həmçinin torpaq sürüşməsi təhlükəsi ilə bağlı vətəndaşları ehtiyatlı olmağa çağırıb.
"Haber Global" isə Balkanlar üzərindən gələn soyuq hava kütləsi ilə birlikdə ölkənin 44 vilayətində qar, güclü yağış riskinin gözlənildiyini bildirib.
Türkiyə Meteorologiya Baş İdarəsinin İstanbul və Ankara başda olmaqla bir çox şəhərlərdə əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdiyi vurğulanıb.