"ASAN xidmət"in "ASAN AI Hub" platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb.
“İki sahil” xəbər verir ki, çağırışlar çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər müəyyən ediliblər. "Aqrar Ticarət Platforması üçün süni intellekt əsaslı ‘İndi al, sonra ödə’ (BNPL) risk qiymətləndirmə və məhsul uyğunlaşdırma sistemi" mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, “YONCA: Süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcısı – datasız işləyən prototip” çağırışı üzrə isə Zümrüd İsmayılova və Asiman İsmayılova seçiliblər. Qalib komandalar 1000 AZN məbləğində mükafat ilə təltif olunublar.İlk çağırışlar "Digital Umbrella" ilə əməkdaşlıq çərçivəsində elan edilib.
Xatırladaq ki, açıq innovasiya platforması olan "ASAN AI Hub"ın məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və akademiya arasında effektiv əməkdaşlığı gücləndirir.
Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur. Tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.