09 aprel 2026 17:08
273

Masallıda “Ulu Öndər Heydər Əliyevin siyasətində Azərbaycanın tarixi abidələri” mövzusunda növbəti seminar

Aprelin 9-da Masallı rayon Heydər Əliyev Mərkəzində YAP Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Ulu Öndər Heydər Əliyevin siyasətində Azərbaycanın tarixi abidələri” mövzusunda növbəti seminarı keçirilib.   

“İki sahil” xəbər verir ki, seminarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülmüş, şəhərlərin siması dəyişmiş, yeni mikrorayonlar salınmış, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin inkişaf planları hazırlanaraq həyata keçirilmişdir. Tarixi və memarlıq abidələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.Ümummilli Lider Heydər Əliyev Vətəninə və xalqına ruhən bağlı bir şəxsiyyət olub və bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük dəyər verib. Xüsusilə Ulu Öndər tarix elminə böyük maraq göstərib, Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək yanılmarıq. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdəndir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatıb.

Seyfəddin Əliyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, tarixi abidələrimizin qorunmasına daim xüsusi qayğı göstərir, bu məsələ ilə əlaqədar mühüm qərarlar qəbul olunub. 2008-ci ilin fevralın 5-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam Azərbaycan arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Həmin Sərəncama əsasən, 2008-2009-cu illərdə arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı xüsusi vəsait ayrılıb, bu da arxeoloji ekspedisiyaların fəaliyyətini xeyli gücləndirib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Azərbaycanın zəngin tarixi-memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən memarlıq irsinin mühafizəsinə xüsusi diqqət yetirilib. Bu siyasət bu gün də uğurla davam etdirilərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi abidələrin konservasiyası və restavrasiyası sahəsində ardıcıl layihələr icra olunur. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, tarixi və dini abidələrin bərpası dövlətin milli-mədəni irsə həssas münasibətinin bariz nümunəsi kimi qiymətləndirilir.

Seminarda iştirak edən Lətifə Həsənova, Nazənin Heydərzadə və başqaları çıxışlarında Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, eləcə də şəhərsalmanın tarixi inkişaf yolundan bəhs ediblər.