Müasir dünya nizamı tarixinin ən təlatümlü və qeyri-müəyyən dövrlərindən birini yaşayır. Bu gün qlobal təhlükəsizlik sistemi ciddi təhdidlərlə üz-üzədir və dünyanın müxtəlif nöqtələrində alovlanan münaqişələr artıq lokal xarakterini itirərək ümumdünya sabitliyinə zərbə vuran əsas amilə çevrilib. Mövcud hərbi-siyasi mənzərə göstərir ki, müasir müharibələr onilliklər boyu formalaşmış “ildırımsürətli qələbə” anlayışından uzaqlaşaraq, tərəfləri tükəndirən, infrastrukturu məhv edən və sonu görünməyən bir labirintə çevrilməkdədir. Bunun ən bariz nümunəsi artıq dördüncü ilinə qədəm qoyan Rusiya-Ukrayna müharibəsidir. Başlandığı ilk günlərdə qısa müddətdə nəticələnəcəyi proqnozlaşdırılan bu münaqişə hazırda hər iki tərəf üçün ağır itkilər, iqtisadi tənəzzül və şəhərlərin yerlə-yeksan olması ilə müşayiət olunur. Müasir hərb texnologiyalarının və nəhəng resursların cəlb olunmasına baxmayaraq, müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağına dair hələ də real bir ümid işığı görünmür. Eyni zamanda, Yaxın Şərqdə alovlanan yeni gərginlik ocağı dünya iqtisadiyyatına, enerji bazarlarına və qlobal təchizat zəncirinə ciddi ziyan vurmaqdadır.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, bütün bu qlobal xaosun, uzanan və nəticəsiz qalan müharibələrin fonunda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dünya hərb tarixinə unikal və yeganə mütləq qələbə nümunəsi kimi həkk olunub. Digər münaqişələrdən fərqli olaraq, Azərbaycan Ordusu qarşısına qoyulan hərbi-strateji hədəflərə qısa zaman kəsiyində nail olmağı bacardı. 30 illik işğala son qoyan bu müharibə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də düşmənin hərbi potensialının tamamilə iflic edilərək kapitulyasiyaya, yəni təslim olmağa məcbur edilməsi ilə nəticələndi. Azərbaycanın qələbəsini fərqləndirən əsas cəhət ondan ibarətdir ki, rəsmi Bakı həm döyüş meydanında, həm də diplomatik masada mütləq üstünlük nümayiş etdirdi. Uzunmüddətli humanitar fəlakətlərə və bitib-tükənməyən şəhər döyüşlərinə yol vermədən, yüksək texnoloji silahlar və dəqiq strategiya ilə düşmən diz çökməyə məcbur edildi. Bu gün dünyanın böyük güclərinin illərlə çıxış yolu tapa bilmədiyi münaqişələr fonunda, Azərbaycan nümunəsi göstərir ki, milli birlik, güclü iqtisadiyyat və müasir hərbi doktrina ədalətin qısa müddətdə və qəti şəkildə bərqərar olunmasını təmin edən yeganə effektiv yoldur. Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri müasir hərb tarixinə "mütləq qələbə"nin unikal düsturu kimi daxil olub. Bu qələbənin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sadəcə hərbi əməliyyatların idarə edilməsi deyil, həm də onilliklər boyu səbirlə hazırlanan iqtisadi, diplomatik və hərbi gücün vəhdətidir. Dövlət başçısının hələ müharibədən əvvəlki çıxışlarında bəyan etdiyi "Güclü ordu, güclü iqtisadiyyat, beynəlxalq müstəvidə möhkəm mövqelər" tezisi bu böyük zəfərin təməl sütunlarını təşkil edirdi. Prezidentin münaqişənin həlli ilə bağlı tutduğu prinsipial mövqe və bütün beynəlxalq təzyiqlərə qarşı nümayiş etdirdiyi sarsılmaz iradə Azərbaycanın hərbi uğurlarını siyasi müstəvidə də qətiləşdirdi. Dövlət başçısının “Biz nəyi deyiriksə, onu da edirik" prinsipi Azərbaycanın dövlət iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında isə bu strategiyanı canı və qanı bahasına reallığa çevirən Azərbaycan əsgərinin qəhrəmanlığı oldu. 21-ci əsrin müharibəsini aparan ordumuz, yüksək texnoloji silahlar və PUA-larla yanaşı, Şuşanın azad edilməsində olduğu kimi əlbəyaxa döyüşlərdə, sıldırım qayaları dırmaşaraq tarixin ən çətin əməliyyatlarından birini icra etdi. Bu rəşadət Azərbaycan xalqının döyüş ruhunun və vətən sevgisinin sönməz olduğunu təsdiqlədi. Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan edərkən dediyi "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" sözləri bu qələbənin həm də bir mənəvi borcun və milli ləyaqətin bərpası olduğunu göstərdi.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə bu tarixi prosesin məntiqi və mütləq yekunu idi. Cəmi 23 saat ərzində separatizmin kökünün kəsilməsi və Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində tam bərpası dövlət rəhbərinin qətiyyətinin və beynəlxalq hüquqa söykənən prinsipiallığının göstəricisidir. Xankəndidə Azərbaycan bayrağını ucaldarkən dövlət başçısının səsləndirdiyi "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı dalğalanır" ifadəsi onilliklərin həsrətinə son qoyan və suverenliyimizi əbədiləşdirən nida nöqtəsi oldu.
K.Bayramov əlavə edib ki, dünyanın böyük güclərinin illərlə həll edə bilmədiyi və ya etmək istəmədiyi bir münaqişəni Azərbaycan öz gücü, ağıllı diplomatiyası və Ali Baş Komandanın sarsılmaz liderliyi ilə həll etdi. Bu gün Azərbaycanın qələbəsi həm də bir ədalət nümunəsidir ki, onun kökündə “Qarabağ Azərbaycandır!” nidası və bu nidanı mütləq həqiqətə çevirən milli birlik dayanır.