09 aprel 2026 23:16
118

Bakı Avrasiyanın geosiyasi, geoiqtisadi mənzərəsini dəyişir

Azərbaycan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəsi ilə yeni reallıqlar yaradıb. Ölkəmiz hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, regional layihələrin reallaşdırılması istiqamətində də uğulu fəaliyyət göstərir.

Azərbaycanın artan iqtisadi gücü, potensialı, bu potensiala uyğun olaraq atılan addımlar, reallaşdırılan irimiqyaslı layihələr, kommunikasiya xətlərinin şaxələndirilməsi ölkəmizin təkcə Cənubi Qafqaz regionunda deyil, eləcə də beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, Zəngəzur dəhlizi enerji və nəqliyyat sahələrini əhatə etməklə demək olar ki, Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsini dəyişir. Xüsusilə Orta Dəhliz- Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu Avropanın Asiya bazarlarına çıxışında mühüm alternativ yol kimi ön plana çıxır. Bu dəhlizin inkişafı Avropanın ticarət və logistika imkanlarını genişləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlığın güclənməsinə də xidmət edir. 

Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət kursu və fəal diplomatiyası nəticəsində Avrasiyanın mühüm tranzit-nəqliyyat qovşağına çevrilən Azərbaycanın regionda enerji və nəqliyyat sahələrində reallaşdırdığı nəhəng investisiya layihələri ölkəmizə mühüm siyasi və iqtisadi dividendlər qazandırır. Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr, həmçinin region ölkələrinin nəqliyyat imkanlarını artırır. Bu baxımdan rəsmi Bakının irəli sürdüyü, son illər beynəlxalq gündəliyə və leksikona salınan Zəngəzur dəhlizi xüsusilə diqqəti çəkir. Hazırda Azərbaycan tərəfi öz ərazisində dəhlizlə bağlı nəqliyyat layihələrinin icrası istiqamətində ciddi tədbirlər həyata keçirir. Belə ki, Zəngilan istiqamətində dəmir yolunun inşası uğurla davam edir. Artıq Türkiyənin İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun tikintisinə başlanılıb. Bütün bunlarla yanaşı, Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək Naxçıvan dəmir yolunun tam müasirləşdirilməsi nəzərdə tutulur. Orta Dəhlizin mühüm həlqələrından biri olan Naxçıvan dəmir yolu xətti Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xəttini qısaldır. Beləliklə, Azərbaycan Avrasiya logistikasının əsas ölkəsi rolunu oynayacaq. ABŞ və Avropa İttifaqı (Aİ) bu lahiyəyə xüsusi maraq göstərirlər. Aİ Naxçıvanda dəmir yolu şəbəkəsinin inkişafını geosiyasi maraqları konkret infrastruktur həllərinə çevirməyə, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və iqtisadi artım üçün əsas olmağa qadir strateji prioritet kimi görür.

Bir məqamı da qeyd edək ki, Zəngəzur dəhlizi boyunca elektrik enerjisinin ixracı da nəzərdə tutulur ki, bu da Azərbaycanın Avropa ilə gələcək əməkdaşlıq imkanlarını daha da artırır. Məhz Zəngəzur dəhlizinin açılması perspektivi fonunda icra edilən enerji infrastrukturu layihələri, o cümlədən Zəngəzur elektrik ötürmə xətti Azərbaycanı regionda və Avropada etibarlı tərəfdaş kimi daha da cəlbedici edir. Artıq Xəzər dənizi-Qara dəniz-Avropa marşrutu üzrə yeni elektrik interkonnektorlarının yaradılması planlaşdırılır ki, bu da Azərbaycanı Cənubi Qafqazda elektrik enerjisinin ötürülməsi baxımından əsas qovşaqlardan birinə çevirəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda və Xəzər ölkələri çərçivəsində planlaşdırılan günəş və külək elektrik stansiyaları sayəsində Azərbaycan gələcəkdə Avropa bazarlarına yaşıl enerji ixracını genişləndirməyi hədəfləyir. Hazırda Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə qoşulması və beləliklə, Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması üçün mühüm addımlar atılır. 

Zəngəzur dəhlizinin açılması Türk dünyasının bir əsrdən çox mövcud olan problemlərinin də həllinə böyük töhfə verəcək. Bununla Türk dünyasının coğrafi parçalanması aradan qaldırılacaq və bu coğrafiyada mövcud əməkdaşlıq daha da dərinləşəcək. Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyəyə birləşdirəcək bu dəhliz Orta Asiya ilə Avropanı birləşdirəcək, Aralıq dənizindən Böyük Çin səddinə qədər nəhəng bir ərazini əhatə edəcək.

Zahid Rza, “İki sahil”