09 aprel 2026 22:15
130

Azərbaycanın şəhərsalma təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır

Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır

Dünyanın ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. May ayında paytaxt Bakı COP29-dan sonra dünyanın ikinci ən böyük tədbirinə ev sahibliyi edəcək. Sözügedən Forum qlobal şəhər idarəçiliyi, infrastruktur və dayanıqlı şəhər strategiyalarının müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Azərbaycan ev sahibliyi etdiyi digər tədbirlər kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını da yüksək səviyyədə təşkil etməklə, həm dünyanın müxtəlif ölkələrindən tədbirə qatılacaq iştirakçıların dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar yaradacaq, həm də şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edəcək. Bu reallıq inkaredilməzdir ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə iştirakçıların əksəriyyəti Azərbaycanda ilk dəfə olurlar. Bu baxımdan sözügedən tədbir, eyni zamanda, təəssüratların gerçəkliklərlə əvəzlənməsi kimi də dəyərləndirilir.

COP29 iqlim konfransından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq bu gün də nəticələri müzakirə olunmaqdadır. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə yüksək təşkilatçılıq nümayiş etdirməsi hər zaman təqdir olunan məqamlar sırasındadır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Biz 80 ölkənin dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdən öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılır. Bu baxımdan cənab İlham Əliyevin 5 iyun 2025-ci il tarixli «Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında» Sərəncamını, həmçinin 25 aprel 2025-ci il tarixli «Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatorunun təyin edilməsi haqqında» Sərəncamını qeyd edə bilərik. Bu sənədlərdə də qeyd edildiyi kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunmuşdur. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.

Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirilmişdir. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaratmışdır. Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərarı təqdir edildi. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir.

Hər iki sənədin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkili və ölkəmizin şəhərsalma fəaliyyətinin beynəlxalq miqyasda təbliğidir. Reallıq budur ki, qlobal xarakterli tədbir olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar və genişmiqyaslı layihələr, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının bariz nümunəsidir. Son illərdə paytaxtımızda və Azərbaycanın digər bölgələrində şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartların tətbiq edilməsi ilə davamlı inkişaf təmin edilmiş, bu sahədə irimiqyaslı layihələr icra edilmişdir.

Tarixi Zəfərimizin mühüm reallıqlarından olan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri Azərbaycanın şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynadı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən beş ildən artıq dövrdə Ağdam, Zəngilan və Xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumları keçirilib. İşğaldan azad edilmiş ərazilərimizdə belə tədbirlərin keçirilməsi reallıqların əyani şəkildə tədbir iştirakçılarına təqdimatıdır. Onlar azad edilmiş şəhərlərimizin 30 illik işğal dövründə hansı dağıntılarla üz-üzə qaldıqlarını, eyni zamanda, hazırda bu ərazilərimizin müasir tələblər səviyyəsində necə bərpa edildiklərinin şahidi olurlar. Bu gün sakinlərinə qovuşan Füzuli, Laçın, Kəlbəcər, Xocalı, Şuşa, Cəbrayıl, Ağdam, Xankəndi və Xocavənd şəhərləri şəhərsalmanın müasir təcrübəsinin təqdimatlarıdır. Müasir idarəçilik sisteminin yaradılmasından başlayaraq burada tətbiq edilən yeniləklərə qədər hər biri hazırda dünyanın diqqətindədir. Qarabağda və Şərqi Zəngəzurda müasir yollar salınır, dəmir yol xətləri çəkilir, hava limanları inşa edilir. Hazırda bu iorpaqların strtaeji əhəmiyyətini təqsdiqləyən mühüm amillərdən biri burada üç beynəlxalq statusa malik olan hava limanlarının tikilib istifadəyə verilməsidir. Füzuli, Zəngilən və Laçın Beynəlxalq Hava limanları Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapıları olaraq bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Hər zaman qeyd etdiyimiz kimi, bu hava limanlarının istifadəyə verilməsindən sonrakı dövrün mühüm, qürurverici məqamlarından biri dövlət başçısı İlham Əliyevin ölkəmizə səfər edən bu və ya digər ölkələrin dövlət başçılarını məhz bu ərazilərdə qarşılaması, onların görülən işlərlə daha yaxından tanış olmaları, xoş təəssüratlar əldə etmələridir. Qarabağın və Şərqi Zəngəzurun cənnətə, beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkana çevrilməsi burada yaradılan yüksək şəraitin təqdimatıdır. Bu məqamı da xüsusi vurğulamalıyıq ki, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması və uğurlu fəaliyyəti də müasir şəhərsalmada təhsilin, yeni texnologiyaların böyük rola malik olduğunu təsdiqləyən mühüm amillər sırasındadır. Dövlət başçısı İlham Əliyev 2024-cü ilin 20 sentyabr tarixində Qarabağ Universitetinin təmirdən sonra açılış mərasimində müəllim və tələbə heyəti ilə görüşü zamanı bildirmişdir ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var.

Qarabağ Universitetindən bəhs edərkən bu gün üçün olan məlumatı qeyd etmək yerinə düşər ki, bu ali təhsil ocağı ilə Əl-Farabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd aprelin 6-da Qazaxıstanın Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində rəsmiləşdirilib. Forum iki ölkə arasında ali təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayıb. Memorandum Qarabağ Universiteti ilə Əl-Farabi adına Qazax Milli Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını nəzərdə tutur. Əməkdaşlıq müasir təhsil yanaşmalarının tətbiqi, innovativ layihələrin hazırlanması və beynəlxalq akademik şəbəkələrdə birgə iştirak imkanlarının artırılmasına xidmət edəcək. Bu tərəfdaşlıq Qarabağ Universitetinin beynəlxalqlaşma strategiyasına uyğun olaraq, onun qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, Əl-Farabi adına Qazax Milli Universiteti regionun aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur. Universitet 2026-cı il üzrə QS Dünya Universitetlər Reytinqində Qazaxıstanda 1-ci, dünya üzrə isə 166-cı yerdə qərarlaşıb. Qarabağ Universiteti bundan sonra da beynəlxalq əməkdaşlıqlarını genişləndirərək, keyfiyyətli təhsil və elmi fəaliyyət istiqamətində qlobal tərəfdaşlıqların inkişafını davam etdirəcək.

Azad Qarabağda və Şərqi Zəngəzurda müasir tələblər səviyyəsində görülən bütün işlər şəhərsalmanın əsas tərkib hissələridir. Son illərdə keçirilən tədbirlərin məkanının paytaxt Bakı, yaxud bölgələr olmasına baxmayaraq iştirakçılar azad edilmiş ərazilərimizə səfər edir və burda görülən işləri yaxından izləmək istəyirlər. Azərbaycanın qısa müddətdə belə genişmiqyaslı işlər görməsi möcüzə kimi qəbul edilir. Müharibədən çıxan bir ölkənin dərhal bərpa işlərinə müasir çağırışlar fonunda start verməsi diqqətdən kənarda qala bilməz. Bu ilin sonunadək 140 min sakinin doğma yurd-yuvasına qayıtması planlaşdırılır. Bu hədəf özündə əsas məqamları ehtiva edir

Göründüyü kimi, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir. Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır.

Bu günlərdə ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumda dövlət başçısı İlham Əliyev « Bu il biz daha bir vacib qlobal beynəlxalq tədbir – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət edirəm» söyləyərək bu əminliyi ifadə etdi ki, Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik.

Yeganə Əliyeva, «İki sahil»