09 aprel 2026 21:15
59

Tahir Əmiraslanov: “Tibbi, kulinariya, dini və iqtisadi baxımdan quzuların erkən kəsilməsi məqsədəuyğun deyil” - VİDEO

“Erkən kəsimə son!” layihəsinə ictimai dəstək artır. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Qida Təhlükəsizliyi Agentliyinin quzuların erkən kəsilməsinin qarşısının alınması ilə bağlı çağırışına qoşularaq təşəbbüsə dəstəyini ifadə edib.
“İki sahil” xəbər verir ki, o, bütün həmkarlarını təşəbbüsə dəstək göstərməyə dəvət edib: “Azərbaycanda qədim dövrlərdən formalaşmış ənənələr və dini dəyərlər bu məsələyə xüsusi yanaşmanı tələb edir. İslam qaydalarına əsasən, xüsusilə Qurban Bayramı zamanı bir yaşını tamamlamamış heyvanların kəsilməsi məqsədəuyğun hesab edilmir.”
T. Əmiraslanovun sözlərinə görə, tarixi mənbələrə, o cümlədən qədim mətbəx ənənələrinə nəzər saldıqda kəsim məqsədilə əsasən yetkin heyvanların – qoyunların, bir yaşını tamamlamış toğluların istifadə edildiyi qeyd olunur. Bu isə quzuların kəsilməsinin ənənəvi yanaşma olmadığını göstərir. Kulinariya baxımından da quzu ətinin xüsusiyyətləri tam formalaşmadığı üçün yeməklərdə istənilən nəticəni vermir.
O qeyd edib ki, həm tibbi, həm kulinariya, həm dini, həm də iqtisadi baxımdan quzuların erkən kəsilməsi məqsədəuyğun deyil.