Yeni araşdırma göstərir ki, süni intellektin psixi sağlamlığa mənfi təsirlərini azaltmaq üçün təklif olunan bəzi üsullar, əksinə, vəziyyəti daha da ağırlaşdıra bilər. Son dövrlərdə çatbotların psixoloji gərginlik, hətta psixoz hallarına təsiri ilə bağlı narahatlıqların artdığı bir vaxtda, əsas təkliflərdən biri istifadəçilərə mütəmadi olaraq qarşı tərəfin insan deyil, süni intellekt sistemi olduğunu xatırlatmaq idi. Lakin tədqiqatçılar hesab edirlər ki, bu yanaşma xüsusilə psixoloji baxımdan həssas şəxslər üçün riski azaltmağa kömək etmir, əksinə, onların vəziyyətini pisləşdirə bilər.
Viskonsin-Miluoki Universitetinin ictimai sağlamlıq üzrə tədqiqatçısı Linnea Laestadius bildirib ki, istifadəçilərin şüurlu şəkildə çatbotlara üz tutduğu hallarda, bu cür məcburi xatırlatmaların riskləri əhəmiyyətli dərəcədə azaltdığını düşünmək yanlışdır. Araşdırmaya görə, artıq özünü tənha hiss edən bir insana, aldığı emosional dəstəyin insan tərəfindən deyil, proqram tərəfindən təmin olunduğunu xatırlatmaq onun tənhalıq hissini daha da dərinləşdirə bilər. Bu xəbərdarlıq son vaxtlar çatbotların cinayət və intihar halları ilə əlaqələndirilməsi fonunda səsləndirilib. Süni intellekt sistemlərinin yardımçı funksiyalarına baxmayaraq, onların tam öyrənilməmiş və bəzən öncədən proqnozlaşdırılması mümkün olmayan davranışları səbəbindən bəzi hallarda insanların təsəvvürlərini və ya psixoloji problemlərini gücləndirdiyi iddia olunur.
Bəzi mütəxəssislər belə hallarda istifadəçilərə qarşı tərəfin insan olmadığını və emosiyaları hiss etmədiyini xatırlatmağın faydalı ola biləcəyini irəli sürsə də, yeni araşdırmanın müəllifləri mövcud elmi sübutların bunu təsdiqləmədiyini vurğulayırlar. Belə ki, Laestadiusun sözlərinə görə, istifadəçilərə çatbotla danışdıqları xatırladılarsa, onların bu sistemlərə daha az bağlanacağı və manipulyasiyaya məruz qalmayacağı fikri məntiqli səslənsə də, hazırkı sübutlar bunu dəstəkləmir.
Tədqiqatçılar hesab edirlər ki, bəzi istifadəçilər məhz bu sistemlərin insan olmamasına görə onlara müraciət edirlər. ABŞ-ın Miçiqan Dövlət Universitetinin media və texnologiya üzrə tədqiqatçısı Celeste Campos-Castillo bildirib ki, insan olmayanların mühakimə etməyəcəyi, lağa qoymayacağı və ya sosial mühitdə problem yaratmayacağı düşüncəsi istifadəçiləri çatbotlara daha açıq şəkildə danışmağa təşviq edir.
Araşdırmaya görə, davamlı xatırlatmalar istifadəçilərin mövcud narahatlıqlarını daha da artıraraq əlavə psixoloji gərginlik yarada bilər. Bu zaman insanlar həm çatbotdan dəstək alma səbəbləri, həm də güvəndikləri “obyektin” əslində fərqli və qeyri-insani olduğunu dərk etmələri arasında daxili ziddiyyət yaşayırlar. Ekspertlər vurğulayırlar ki, əsas məsələ istifadəçilərə bu məlumatın necə, nə zaman və hansı formada çatdırılmasının düzgün müəyyənləşdirilməsidir. Laestadius əlavə edib ki, çatbotların insan olmadığını istifadəçilərə ən effektiv şəkildə necə xatırlatmalı olduğumuzu araşdırmaq vacib prioritetdir.
Qeyd edək ki, araşdırmanın nəticələri “Trends in Cognitive Sciences” jurnalında dərc olunmuş “Çatbotların insan olmadığını xatırladan bildirişlər risklidir” adlı məqalədə təqdim olunub.
Şahnigar Əhmədova, “İki sahil”