10 aprel 2026 22:47
131

Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər

Avropa qarşıdakı yay mövsümündə ciddi aviasiya yanacağı çatışmazlığı riski ilə üzləşə bilər. Bu səbəbdən bir sıra ölkələrdə hava nəqliyyatının fəaliyyətində problemlərin yaranması mümkündür.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzetində məqalə yazılıb.

Məlumata görə, bəzi Avropa İttifaqı (Aİ) ölkələrində təyyarələr üçün yanacaq ehtiyatı cəmi 8-10 günə kifayət edəcək.

Nəşrin məlumatına görə, Avropanın strateji ehtiyatları turizm mövsümünün pik dövründə uçuşları təmin etmək üçün kifayət etməyə bilər. Yalnız iki ölkə 90 gün əvvəldən kerosin ehtiyatına malikdir. Qalanlarında vəziyyət daha pisdir.

Brüsseldəki mənbələrdən biri jurnalistlərə bildirib ki, yanacaq çatışmazlığı riski bir neçə gün ərzində kritikləşib. Əvvəllər bundan hipotetik problem kimi bəhs edirdilər, lakin indi kifayət qədər hiss ediləcək hala gəlib.

Avropa aviayanacaq ehtiyacının 43 faizini Fars körfəzindən gələn tədarüklər hesabına ödəyir. Brüssel hesab edir ki, ABŞ, İsrail və İran arasında atəşkəs qüvvədə qalacaq. Bu da tankerlərə sərbəst şəkildə Hörmüz boğazından keçməyə imkan verəcək.

Lakin hətta gəmiçilik tam həcmdə bərpa olunsa belə, yanacağın çatdırılması və boşaldılması üçün iki aya qədər vaxt lazım gələcək. Buna görə də məsələnin sürətli həllini gözləməyə dəyməz.