11 aprel 2026 02:00
125

GeoTV: İslamabad danışıqlarında uranın zənginləşdirilməsi müzakirə olunacaq

Vaşinqton ilə Tehranın İslamabad danışıqlarında Hörmüz boğazı və uranın zənginləşdirilməsi müzakirə ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "GeoTV" məlumat yayıb.

"Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra ABŞ Prezidenti Donald Tramp yenidən açılmalı olan strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı İranın fəaliyyətindən narazılığını bildirib, Tehran isə Livanın da razılaşmaya daxil edilməsini israr edərək İsrailin Livandakı hücumlarına kəskin reaksiya verib", - məlumatda bildirilib.

İran rəsmiləri İsrailin Livana zərbələrinin Pakistandakı danışıqları "mənasız" etdiyini açıqlayıblar.

Rəsmi məlumatlara görə, İslamabad danışıqlarında İranda uranın zənginləşdirilməsi məsələsinə də toxunulacaq.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Cey Di Vens Pakistana səfərdən öncə jurnalistlərə bildirib ki, İran ABŞ-ni aldatmağa cəhd etsə, dialoq müsbət nəticə verməyəcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.