11 aprel 2026 13:59
143

Adrian Belutsel: Moldovanın MDB-nin yaradılması sazişindən çıxması qurumdan uzaqlaşmaq prosesinin bir hissəsidir

Moldova parlamentinin MDB-nin yaradılması və onun hüquqi statusu haqqında sazişlərdən çıxması barədə qanunu təsdiqləməsi qurumdan uzaqlaşmaq prosesinin bir hissəsidir.

“İki sahil” xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, 2023-2025-ci illərdə Moldova Prezidenti Adminisrtasiyasının rəhbəri işləmiş Adrian Belutsel bildirib.

Onun sözlərinə görə, bununla belə MDB-yə üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq Moldova üçün prioritet olaraq qalır:

"Biz dost, açıq bir ölkəyik. Son illər ərzində MDB dövlətlərinin əksəriyyəti ilə iş dinamikasının yaxşılaşdığını görürük".

Deputat Moldovanın Azərbaycanla da çox yaxşı münasibətlərinin olduğunu qeyd edib:

"MDB ölkələri ilə ikitərəfli münasibətlər rəsmi Kişineu üçün mühüm prioritet olaraq qalır. Sadəcə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra vəziyyət dəyişib. Böyük faciə və ədalətsizliklər oldu. Bu həm də birbaşa MDB-nin nizamnaməsinə ziddir. Hamı başa düşür və bilir ki, MDB həmişə Rusiya mərkəzli təşkilat olub. Biz bu təşkilatın bir hissəsi olaraq qalmağın mənasını görmürük. Çünki hər dəfə ölkələrdən hər hansı biri müəyyən dərəcədə Rusiyanın xoşuna gəlməyən milli maraqlarını göstərəndə dərhal ona qarşı embarqo, siyasi təzyiq, bu ölkəyə qarşı hansısa hibrid hücumlar başlayır".

A.Belutsel vurğulayıb ki, MDB ölkələri üçün vizasız səyahət açıq olaraq qalır.

"Biz Moldovaya qarşı dost münasibət bəsləyən bütün ölkələrlə işləməyə açığıq. Eyni zamanda biznes, siyasi kommunikasiya, ümumilikdə, birlik üçün dost və açıq ölkəyik".