Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu. Xanoba kəndində dövlətimiz tərəfindən verilən evdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qonağımız oldular. Bu, bizi olduqca sevindirdi.
“İki sahil” xəbər verir ki, bu sözləri ölkə rəhbəri tərəfindən “KamAZ” markalı yük maşını hədiyyə edilən Ayazın atası Bəybala Qasımov bildirib.
“Görüş zamanı övladım Ayaz Prezidentimizdən “KamAZ” istədi. Həmin an ölkə rəhbəri Ayazın əlindən tutaraq onu öz avtomobilinə tərəf apardı və maşına mindirərək soruşdu – “Bu maşını istəyirsən, yoxsa “KamAZ”ı, Ayaz isə yenidən “KamAZ” istədiyini bildirdi. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva həmin vaxt Ayaza söz verdilər ki, onun qırmızı rəngli “KamAZ”ı olacaq. Bu gün həmin qırmızı “KamAZ” artıq bizim həyətimizdədir. Bütün bunlar çox qısa zamanda baş verdi. Ölkə rəhbəri və Birinci xanımın bizə qonaq gəlməsi, Ayazın onlardan “KamAZ” istəməsi – bunların hər biri bizim üçün yadda qalan, unudulmaz anlardır. Mən özüm 10 yaşımda bu torpaqlardan çıxmışam, indi isə 44 yaşım var. Bu yaşımda belə anlar yaşamaq mənim üçün böyük qürur hissidir. Bu “KamAZ”la mən də çalışacağam ki, Qarabağımızda aparılan tikinti-quruculuq işlərinə töhfə verim”, - deyə Bəybala Qasımov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndinə səfəri zamanı Qasımov ailəsi ilə görüşüblər. Görüş zamanı ailənin balaca övladı Ayaz öz səmimi arzusu ilə ölkə rəhbərinə müraciət edərək “KamAZ” yük avtomobili istədiyini bildirib. Onun bu uşaq səmimiyyəti və istəyi Prezident İlham Əliyev və Birinci xanım tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmin görüşdə səsləndirilən arzu qısa müddət sonra reallığa çevrilib. Balaca Ayazın istədiyi qırmızı rəngli “KamAZ” artıq Qasımov ailəsinə təqdim olunub.