Azərbaycanın elmi ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyan anım günlərindən biri də 15 aprel tarixidir. Hər ilin bu günü görkəmli oftalmoloq alim, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevannın anım günüdür. Zərifə xanımın zəngin elmi fəaliyyəti və humanistliyi respublikamızın səhiyyə sisteminin inkişafında mühüm mərhələ təşkil etmişdir. Xüsusilə, oftalmologiya sahəsində fundamental elmi məktəb yaratmışdır. Onun alim kimi fəaliyyəti təkcə elmi nailiyyətlərə deyil, eyni zamanda, tibbin təşkilati və profilaktik istiqamətlərinin genişlənməsinə həsr olunmuşdur.
Burada diqqətçəkən önəmli məsələlərdən biri də Zərifə xanımın Azərbaycan səhiyyəsinin inkişafında yeni və müasir yanaşmalara üstünlük verməsi olmuşdur. Onun traxoma kimi ağır xəstəliyə qarşı apardığı məqsədyönlü mübarizə nəticəsində bu sosial bəlanın ölkəmizdə aradan qaldırılması gerçəkləşmişdir. Həmçinin qlaukoma və digər göz xəstəliklərinin öyrənilməsi istiqamətində apardığı tədqiqatlar müasir oftalmologiyanın inkişafına mühüm töhfələr vermişdir.
Akademik Zərifə Əliyeva böyük alim olmaqla bərabər, həm də yüksək mənəvi keyfiyyətlərə malik, insanlara sevgi və qayğı ilə yanaşan humanist xanım idi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin də vurğuladığı kimi, «Zərifə xanım insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim və ictimai xadim olaraq əsl insanlıq zirvəsinə yüksəlmişdir».
Ulu Öndərin bu fikirləri bir daha gösətərir ki, Zərifə xanım zəngin daxili aləmi ilə insanlara sevinc bəxş edən işıqlı mənəviyyata sahib idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Zərifə xanımın şəxsiyyətinə yüksək dəyər verərək qeyd edir ki, mənim həyat fəlsəfəmin əsasında uşaqlıqdan formalaşan xeyirxahlıq, şəfqət və insanlara sevgi dayanır: « İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir və Zərifə xanım bu dəyərləri bütün həyatı boyu yaşadaraq ətrafına ötürmüşdür.»
Zərifə xanım Əliyeva həm də böyük pedaqoq və elm təşkilatçısı kimi Azərbaycan səhiyyəsində mühüm rol oynamış, yüzlərlə gənc həkimin yetişməsinə nail olmuşdur. Akademikin elmi əsərləri, monoqrafiyaları və dərs vəsaitləri bu gün də öz aktuallığını qoruyaraq mütəxəssislər tərəfindən dəyərli elmi mənbə kimi istifadə olunur.
Bu gün Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti onun ideyalarının və elmi məktəbinin uğurla davam etdirildiyini göstərir. Akademikin zəngin irsi Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamaqda davam edir. Ölkə ictimaiyyəti Zərifə Əliyevanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun həyat yolunu gələcək nəsillər üçün parlaq nümunə hesab edir. Bu dəyərli insanın adı Azərbaycan tarixində daim uca tutulacaq, xatirəsi isə xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Bəli, bu da bir həqiqətdir ki, məhz İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanı, böyük dövlət xadimini dünyaya gətirən və onu ləyaqətli, vətənpərvər övlad kimi yetişdirən Zərifə xanım kimi anaların yeri həmişə cənnətməkandır.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri