13 aprel 2026 16:04
124

BDU-nun Astrofizika kafedrası: “Aprelin sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək”

“Aprel ayının sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimum aktivliyi isə 22–24 aprel tarixlərinə təsadüf edəcək”.
“İki sahil”  Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən  xəbər verir ki, bu meteor axını əsasən Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür. “π-Puppid” meteor yağışı Yer kürəsinin “26P/Grigg–Skjellerup” kometinın buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır. Bu komet Günəş ətrafında təxminən 5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən maraqlı xüsusiyyəti onun qeyri-sabit olmasıdır: bəzi illərdə demək olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə bilər.
Bu meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə hərəkət edir. Onların geosentrik sürəti təxminən 18 km/saniyə təşkil edir. Bu sürət Liridlər kimi sürətli meteor yağışları ilə müqayisədə daha aşağıdır, buna görə də “π-Puppid” meteorları bəzən daha yavaş və daha uzun görünən izlər yarada bilir. Meteorların radiantı (çıxış nöqtəsi) səmanın cənub hissəsində yerləşən Puppid bürcündədir. Buna görə də meteor yağışını Cənub yarımkürəsində daha yaxşı müşahidə etmək mümkündür. Bakı və ümumilikdə Azərbaycan ərazisi üçün “π-Puppid” meteor yağışının müşahidəsi çətin hesab olunur. Bunun əsas səbəbi radiantın cənub üfüqünə çox yaxın yerləşməsi və çox vaxt üfüqdən aşağı qalmasıdır. Lakin çox açıq səma şəraitində və cənub istiqaməti tam açıq olan ərazilərdə bəzi meteorların üfüqə yaxın hissədə müşahidə olunması mümkündür. Ən uyğun müşahidə vaxtı gecə saatları, xüsusilə gecə yarısından sonra olan intervaldır.