13 aprel 2026 19:09
128

Dünya Azərbaycan modelindən niyə bəhrələnmir?

Hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, müharibələr baş alıb gedir. Bu mənada demək olar ki, bəşəriyyət və Yer kürəsi təhlükə altındadır. Məsələn, artıq 5-ci ildir Rusiya ilə Ukrayna arasında müharibə, davam edir. Bu müharibənin nə vaxt başa çatacağı isə hələ də bilinmir. Oxşar vəziyyət Yaxın Şərqdə də müşahidə olunur. Qısa müddətdə başa çatacağı düşünülən, amma 40 gündür davam edən ABŞ, İsrail-İran müharibəsində atəşkəs elan olunsa da, onun nə qədər sürəcəyi qeyri-müəyyən olaraq qalmaqdadır. Son illərin geosiyasi mənzərəsi göstərir ki, müasir münaqişələr uzunmüddətli xarakterləri ilə seçilir.

Şübhəsiz, planetin müxtəlif nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatını, enerji təhlükəsizliyini və humanitar mühiti sarsıtmaqla yanaşı, insan tələfatına da səbəb olur. Artıq bu müharibə və münaqişələr nəticəsində yüz minlərlə insan ölüb, xəsarət alıb, yaralanıb. BMT-nin məlumatına görə, 2026-cı ilin birinci rübündə Ukraynada 556 nəfər həlak olub, 2 731 nəfər isə yaralanıb. Bu göstəricilər 2025-ci ilin analoji dövrünə aid məlumatları 20% üstələyir. Bəzi məlumatlara görə, Ukrayna əhalisinin 25 faizdən çoxu ölkədən didərgin düşərək Avropaya sığınmaq məcburiyyətində qalıb.

Amma Azərbaycan öz suverenliyi, ərazi bütövlüyü uğrunda apardığı qısamüddətli hərbi əməliyyatlarda mülki əhalini və infrastruktur obyektləri hədəfə almadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Əhali­nin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün humanitar dəhliz və qəbul məntəqələri yaradıldı. Bu məqamda Prezi­dent, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sözlərini xatırlamaq yerinə düşər: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələ­rimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qara­bağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunma­lıdır. Eyni zamanda göstəriş verilmişdir ki, mülki infrast­ruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”. Nəticədə 44 gün davam edən Vətən müharibəsində, birgünlük lokal antiterror əməliyyatında Azərbaycan separatizmdən və işğaldan əziyyət çəkən dövlətlərin indiyə kimi qazana bilmədiyi və həsəd aparacağı tarixi nailiyyət əldə etdi.  Yeri gəlmişkən, Prezident İlham Əliyevin fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü zamanı bildirdiyi kimi, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanmış ikinci ölkə olmayıb.

Şübhəsiz, mülki əhaliyə və obyektlərə ziyan ye­tirilmədən hərbi əməliyyatların aparılması Azərbaycanın hərbi rəhbərli­yindən xüsusi diqqət və qətiyyət tələb edirdi. Bu mənada demək olar ki, qələbələrin mühüm komponentləri ölkə rəhbərinin siyasi irqadəsi, liderlik modeli, beynəlxalq mediaya çoxsaylı müsahibələri ilə dezionfrmasiyalara tutarlı cavablar verməsi, həm də Azərbaycan Ordusunun peşəkarlığı və döyüş qabiliyyəti oldu. Bu isə o deməkdir ki, şanlı qələbə təkcə döyüş meydanında əldə edilməyib. Bu qələbə hərbi və diplomatik sferada effektiv sintez nümunəsi kimi də dəyərləndirilməlidir. Bu strategiyanın mərkəzində isə Prezident İlham Əliyevin liderliyinin dayandığıı şəksizdir. Bəli, Azərbaycan modeli göstərir ki, düzgün siyasi kurs, dəqiq strateji hədəflər olduqda münaqişələr illərlə davam etməyə bilər.  Bu baxımdan Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində qazandığı Zəfər təkcə regional deyil, həm də qlobal miqyasda diqqətəlayiq nümunədir. Hətta demək olar ki, bütün bu reallıqların fonunda Azərbaycan modeli müasir münaqişələrin həlli üçün alternativ yanaşma modeli ola bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”