13 aprel 2026 18:57
153

Bənzərsiz quruculuq nümunəsi - Böyük Qayıdış

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər nəticəsində yağı tapdağından azad edilən ərazilərə Böyük Qayıdış prosesi uğurla davam etdirlir. Son 5 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan irimiqyaslı layihələr bir daha göstərdi ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışın sevincini yaşayan insanlarımızda qürur hissi oyadır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Otuz ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. 

Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Yollara asfalt döşənir, məscidlərə yeni üzlüklər çəkilir, körpülər salınır, hava limanları tikilir. Bölgənin su resursları, münbit torpaq şəraiti, iqlimi imkan verir ki, Azərbaycan gələcəkdə də ərzaq təhlükəsizliyi problemini həll etsin. Qısa zamanda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bu məsələ dövlətin strateji hədəfinə çevrilib və Böyük Qayıdış Proqramına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün dövlət bütün imkanlarını səfərbər edib. Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 85 mindən çox insan yaşayır.

İşğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin ev, iş məsələlərinin həlli ilə yanaşı, təhsil almaq hüququnun təmin edilməsinə də ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə müxtəlif təhsil ocaqlarının yaradılması da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalaması bu istiqamətdə atılan ən önəmli addımlardan biri kimi yadda qaldı. Qarabağda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri baxımından son dərəcə vacibdir.

İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış yüzlərlə tarixi, mədəni, dini abidə dövlətimiz tərəfindən bərpa olunur. Heydər Əliyev Fondu tərəfindən Şuşa, Ağdam, Zəngilan və digər rayonlarda məscidlər, türbələr və kilsələr ilkin görkəminə qaytarlır, həmçinin yeni aşkar olunan abidələr dövlət mühafizəsinə götürülür.

Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri çərçivsəində yeni iş yerləri yaradılır. Bu baxımdan kənd təsərrüfatı, tikinti sektoru və turizm sahələri xüsusilə diqqəti çəkir.

Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb ki, bu da iş adamlarının sözügedən sənaye zonalarına marağının artmasına səbəb olur. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 330 milyon manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parklarında 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən sənaye parklarına 89 milyon manatdan çox investisiya yatırılıb, 330-dan artıq daimi iş yeri yaradılıb.

Zahid Rza, “İki sahil”