14 aprel 2026 15:15
295

AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA KİMYAÇILARIN HAMİSİ İDİ

Akademik Zərifə xanım Əliyeva mənim hafizəmdə böyük alim, alicənab insan, Azərbay­can qadınının şərəf və ləyaqət rəmzi kimi qalmış­dır. Bu qənaəti istər tələbə və ya aspirant olduğum illərdə apardığım elmi-tədqiqat işlərinin nəticələ­rinin sınağı zamanı, istərsə də tələbələrin təd­ris-istehsalat təcrübələrinin rəhbəri kimi Bakı Şin Zavodunda, Yod zavodunda, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində, Mingəçevir Rezin-Texniki Mə­mulatlar Zavodunda və "Azərelektroizolit" Zavo­dunda Zərifə xanımın müayinə etdiyi mühəndis-texniki işçilərdən onun haqqında eşitdiyim xoş xatirələr daha da gücləndirmişdir.

Zərifə xanım Əliyeva gör­kəmli elmi-tədqiqatçı olmaq­la yanaşı, həm də çox böyük praktiki işlər görmüşdür. O, zə­rərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstə­liklərinin yayılma qanunauy­ğunluqlarını aşkarlamaq üçün çoxlu müayinələr apar­mış və görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə araşdırmış, zərərli peşələrin törətdiyi göz xəstə­liklərini elmi surətdə əsas­landırmış, onların qarşısını almaq üçün əməli təkliflər vermişdir. Eyni zamanda, zə­rərli amillərin, məsələn, Bakı Şin Zavodunda və Mingəçe­vir Rezin-Texniki Məmulatlar Zavodunda ağ və qara dudanın, kaptaksın, truramin, tiazolların, ksantogenatların, platifikatorların və digər on­larla zəhərli inqredientlərin, Mingəçevir “Azərelektroizolit” Zavodunda fenolun, formaldehidin, Sumqayıt Üz­vi Sintez İstehsal Birliyində diafraqma və civə üsulu ilə qələvi istehsalı, xlorid turşu­su istehsalı, sulfanol istehsalı və başqa üzvi birləşmələrin istehsalı, Gəncə Gil-Torpaq Zavodunda metal tozlarının, o cümlədən boksit şlamının təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də öyrən­mişdir. Zərifə Əliyeva yodla uzun müddət əlaqədar olan işçilərin görmə orqanının zədələnməsinin kompleks əlamətlərini də tədqiq etmişdir. Tədqiqatlarının nəticələri göstərmişdir ki, yodla uzun müddət təmasda olan işçilə­rin görmə qabiliyyəti zəiflə­yir, gözün işığa qarşı həssas­lığı pisləşir və göz təzyiqi ar­tır. Görkəmli alim sanki bu istehsalat sahələrində həyə­can təbili çalmışdır.

Alimin elmi-tədqiqat işlə­rinin nəticələri “Şin istehsa­lında gözün peşə patologiya­sı”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologi­ya”, “Yod sənayesində gö­zün peşə xəstəliyinin profi­laktikası” kimi monoqrafiya­larda öz əksini tapmışdır. Bu monoqrafiyalar təkcə tibb iş­çiləri üçün yox, eyni zaman­da, göstərilən istehsal sahələ­rində çalışan insanlar üçün də çox lazımlı əsərlərdir. Zərifə xanımın apardığı elmi-tədqi­qat işlərinin nəticələri “Azərbaycanın kimya səna­yesinin bir sıra müəssisələ­rində işçilərdə görmə orqanı­nın vəziyyəti" mövzusunda dissertasiya işində öz əksini tapmışdır. O, bu mövzuya həsr olunmuş doktorluq dis­sertasiyasını böyük müvəffə­qiyyətlə müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Zərifə xanım üçün elm məqsəd olmamışdır. Onun elmdə seçdiyi yol bunu təs­diqləyir. Xalqına, Vətəninə xidmət etmək sevinci onu bu istiqamətdə tədqiqat işləri aparmağa sövq etmişdir. Və­təndaşlıq mövqeyi, elitar zi­yalılıq, parlaq zəka, geniş erudisiya onun elmi fəaliyyətinin səciyyəvi xüsusiy­yətləri idi. O, Azərbaycan oftalmologiya elmini bey­nəlxalq aləmdə tanıtmışdır. Dünyanın tanınmış oftalmoloqları Zərifə xanımın elmi tədqiqatları haqqında yük­sək fikirlər söyləmişlər. Akademik Zərifə xanım Əli­yeva beynəlxalq aləmdə ta­nınmış bir mükafata- aka­demik Mixail Averbax adına Mükafata layiq görülən­ ilk azərbaycanlı qadın­dır.

İnsanların sağlamlığının qeydinə qalan, həyatının ən mənalı dövrünü bu xeyirxah işə sərf edən alicənab ziyalı, görkəmli alim, Azərbaycan qadınının şərəf və ləyaqət rəmzi, akademik Zərifə xa­nım Əliyeva nəcib əməlləri ilə xalqımızın qəlbində özü­nə möhtəşəm bir abidə ucaltmışdır.

Keçmişə nəzər salmaq la­zımdır, çünki dünən bu gü­nün bünövrəsidir. Tarixən Azərbaycan qadınları həm ağıllı, həm də güclü olublar və bununla Azərbaycan qa­dınları öz sələfləri ilə fəxr ediblər. Bu gün Azərbaycan qa­dını Zərifə xanım kimi gör­kəmli alim- ləyaqətli qa­dınla fəxr edir. Zərifə xanım da­im Azərbaycan xalqının yad­daşında həm görkəmli alim kimi, həm də ləyaqətli qadın kimi yaşayacaqdır. Çünki o, vətənpərvər, insanpərvər, sadə, milli dəyərlərimizi qo­ruyan, təbliğ edən böyük şəxsiy­yət idi.

Tamilla Naibova,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdar professoru,
kimya üzrə fəlsəfə doktoru