Aprel ayının 15-i Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik, tibb elminin inkişafına misilsiz töhfələr bəxş etmiş Zərifə Əliyevanın anım günüdür. 1923-cü ilin aprel ayının 28-də anadan olmuş elm xadimi çox zəngin və gələcək nəsillərə örnək ömür yolu keçmişdir. 1985-ci ilin aprel ayının 15-də, ömrünün 62-ci baharında vəfat edən Zərifə Əliyevanın cismani ayrılığı Azərbaycan tibb ictimaiyyətini, eləcə də bütün xalqımızı dərin kədərə bürümüşdür. Onun tibb elminə bəxş etdiyi müstəsna nailiyyətləri, zəngin elmi kəşfləri və nurlu xatirəsi hər zaman dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediləcəkdir.
Zərifə Əliyevanın tibb sahəsində uzun müddətli uğurlu fəaliyyətinə nəzər salsaq görərik ki, onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri müqayisəolunmazdır. O, istər alim, istərsə də ictimai xadim kimi dövlətinin və xalqının inkişafı naminə məqsədyönlü və uzaqgörən fəaliyyət göstərib. Çalışdığı tibb sahəsində, xüsusilə oftalmoogiya sahəsində bir sıra yeniliklərə imza atması ilə xalqının sağlamlığını və təhlükəsizliyini ən başlıca vəzifəsi olaraq görüb. Xüsusi vurğulamaq lazımdır ki, 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanı müdafiə edib və bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksəlib. Onun traxoma xəstəliyinin qarşısını almaq məqsədilə təklif etdiyi müalicə üsulu tez bir zamanda ölkəmizdə tibb elmində geniş tətbiq edilməyə başlanılır. Bir sözlə, insanların üzləşdiyi bu ağır xəstəlikdən xilası məhz Zərifə Əliyevanın adı ilə bağlıdır.
1977-ci ildə "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib və ona Tibb elmləri doktoru elmi dərəcəsi verilir. Görkəmli alimin tibb elmində apardığı araşdırmalar, bir çox müalicə metodlarının öyrənilməsi və tətbiqi, tibb sahəsində təhsil alan və işə yenicə başlayan gənclərin yüksəkixtisaslı kadrlar olaraq hazırlanması da diqqət mərkəzində olub.
Akademik Zərifə Əliyevanın həyat yoluna, tibbi və ictimai fəaliyyətinə nəzər salsaq 62 illik ömrünə əsrlərə bərabər zəngin və müqəddəs missiyaları sığdırdığının şahidi olarıq. Onun fədakar əməyi təkcə tibb elminə verdiyi töhfələrlə yekunlaşmır. Onun mərhəməti, yüksək insani keyfiyyətləri, əvəzsiz xeyirxahlıq missiyasından irəli gələrək insanlara etdiyi təmənnasız yaxşılıqları daim xatırlanır. Zərifə Əliyeva həmişə qadın incəliyini və mərhəmətini qoruyub saxlaya bilib. Onun parlaq şəxsiyyəti əsl Azərbaycan xanımının keyfiyyətlərini özündə birləşdirir. Bunlarla yanaşı, Zərifə Əliyeva qayğıkeş ana, sədaqətli həyat yoldaşıdır. O, bütün həyatı boyu daim ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin yanında olub, ona dəstək verib, onunla çiyin-çiyinə birgə addımlayıb. Zərifə Əliyevanın xeyirxahlıq missiyası bu gün də ölkəmizin Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən işlər, atılan hər bir müqəddəs addım Azərbaycan qadınının əsl simasının göstəricisidir.
Ölkəmizin müxtəlif bölgələrində Zərifə Əliyevanın anm günü böyük minnətdarlıq hissi ilə qeyd edilir. Onun zəngin və çoxşaxəli həyat yolu, fəaliyyəti gələcək nəsillərə çatdırılır. Bu nümunəvi ömür yolu xaqımıza əvəzsiz miras, gənclərimizi elmə, inkişafa və xeyirxahlığa, dövlətə sadəqətə səsləyən əsl çağırışlardır.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri