15 aprel 2026 16:42
130

Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar

Parlamentlərarası İttifaqın Türkiyənin İstanbul şəhərində keçirilən 152-ci Assambleyası çərçivəsində 41-ci Qadın Parlamentarilər Forumu keçirilib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova çıxışında Qadın parlament sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim edib. Azərbaycan parlamentinin sədri bu təqdimatın münaqişələrin, gərginliklərin, qeyri-müəyyənliklərin və artan bərabərsizliklərin hökm sürdüyü bir dövrdə xüsusilə vacib olduğunu qeyd edərək vurğulayıb ki, parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdır. Çünki bu gün dünya sülhün təmin edilməsi üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyur.

Təqdim olunan hesabatın qadın parlament sədrləri tərəfindən qəbul edilən Bəyannamə olduğunu diqqətə çatdıran Sahibə Qafarova deyib ki, bu sənəd parlamentləri bir araya gətirməyə, sülh və inklüzivlik naminə fəaliyyətə çağırır.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, fəaliyyət üçün çağırışlar heç də həmişə sabit, dinc anlarda meydana gəlmir. Onlar böhran, münaqişə və geriləmə dövrlərində ortaya çıxır. S.Qafarovanın sözlərinə görə, dünyanın bir çox yerlərində zorakılığın, müharibənin və təhlükələrin mövcud olmasının qadınlara və qızlara, onların gələcəyinə necə ağır təsir etdiyini gördükcə, bu məqam səyləri gücləndirməyi və sürətləndirməyi tələb edir. Sənəddə dünyanın mövcud vəziyyəti ilə bağlı dərin narahatlığın, münaqişə və müharibə bölgələrində yaşayan bütün qadın və qızlarla həmrəyliyin ifadə olunduğunu vurğulayan S.Qafarova bu Forumu da eyni həmrəyliyi nümayiş etdirməyə dəvət edib.

Eyni zamanda, hesabatda beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam hörmət göstərilməsinə, həmçinin münaqişələrin sülh yolu ilə, danışıqlar vasitəsilə həllinə çağırış, gender bərabərliyini nəzərə alan diplomatiyanın inkişaf etdirilməsini, inklüziv sülh proseslərinə, diplomatiya və xarici siyasətdə qadınların liderliyinin rolunun artırılmasına dair tövsiyələr yer alıb.

Milli Məclisin sədri, bu Forumda ədalətli və uzunmüddətli sülhün bərpa olunmasının, münaqişələrin qadın və qızlara təsirlərinin müzakirə olunacağını nəzərə alaraq, Forum iştirakçılarını qadın spikerlər tərəfindən irəli sürülən tövsiyələri bu müzakirələrə daxil etməyə çağırıb.

Sonra Forum digər parlament sədri və parlamentarilərin mövzu haqqında çıxışları və müzakirələrlə davam edib. (AZƏRTAC )