17 aprel 2026 23:19
132

TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşüb

Aprelin 17-də TÜRKPA Baş katibi Ramil Həsən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) millət vəkili və Cümhuriyyətçi Türk Partiyasının sədri xanım Sıla Usar İncirli ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş zamanı tərəflər ŞKTC-nin TÜRKPA çərçivəsində fəal müşahidəçi qismində fəaliyyəti, eləcə də təşkilatın bu istiqamətdə göstərdiyi dəstək fonunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xanım Sıla Usar İncirli TÜRKPA Baş katibinə və nümayəndə heyətinə ŞKTC Məclisinin fəaliyyətinə göstərdikləri davamlı dəstəyə görə səmimi minnətdarlığını bildirib. O, həmçinin 5-ci Antalya Diplomatiya Forumunda iştirakından məmnunluğunu ifadə edib və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan parlamentləri ilə gələcək münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsində TÜRKPA-nın mühüm rolunu vurğulayıb.

Öz növbəsində Ramil Həsən xanım Sıla Usar İncirliyə ŞKTC-nin millət vəkili və Cümhuriyyətçi Türk Partiyasının sədri kimi məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. O, TÜRKPA ilə ŞKTC arasındakı əməkdaşlığın gələcəkdə həm parlamentlərarası diplomatiya sahəsində, həm də müvafiq parlamentlərin üzvləri arasında inkişaf etməkdə davam edəcəyini bir daha təsdiqləyib.

Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynura Abutalibova müşayiət ediblər.