18 aprel 2026 12:52
176

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olacaq

Türkiyədə keçirilən V Antalya Diplomatiya Forumu davam edir.

“İki sahil” xəbər verir ki, tədbirin ikinci günü bir sıra panel, iclas və görüşlərlə yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası da keçiriləcək.

Ötən il oktyabrın 7-də TDT-nin Qəbələdə keçirilən 12-ci Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilən Bəyanatda Türkiyənin təşəbbüsü ilə TDT Xarici İşlər nazirlərinin daha tez-tez bir araya gəlməsi qeyd edilib. Bu çərçivədə bu il martın 7-də Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında mövcud regional və qlobal inkişaflar fonunda ortaq mövqenin formalaşdırılmasının və xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İclasın sonunda qəbul edilən “Yaxın Şərqdəki son proseslərə dair Birgə Bəyanat”da Türkiyə və Azərbaycana qarşı baş verən hücumlar da qınanıb. Bu, ortaq mövqe ilə təşkilat daxilində güclü həmrəylik bir daha təsdiqlənib.

Aprelin 18-də Antalyada keçiriləcək iclas üzv ölkələr tərəfindən “Ailə Məclisi” kimi xarakterizə edilən TDT çərçivəsində son dövrdə sürət qazanan yüksəksəviyyəli təmasların növbəti mərhələsini təşkil edəcək.

Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın təmsil olunacağı iclasda aktual qlobal və regional məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

İclas çərçivəsində nazirlərin ikitərəfli görüşlər keçirməsi gözlənilir.