Moldovanın nüfuzlu noi.md xəbər portalında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı məqalə dərc edilib.
“İki sahil” xəbər verir ki, məqalədə mayın 17-22-də Bakının şəhərsalmanın qlobal mərkəzinə çevriləcəyi qeyd olunub.
“Burada BMT-nin qlobal təqvimində ən böyük tədbirlərdən biri olan WUF13 keçiriləcək. Moldovanın həmin forumda ölkə şəhərlərinin merlərinin də daxil olduğu nümayəndə heyəti ilə təmsil olunması gözlənilir. Azərbaycan COP29-da eko-diplomatiyada irəliləyiş əldə etdi. May ayında Azərbaycanın paytaxtı şəhərlərin gələcəyi ilə bağlı müzakirələr və təkliflər meydanına çevriləcək, mənzillərin əlçatanlığı və davamlı şəhər infrastrukturunun inkişafı kimi əsas mövzulara diqqət yetiriləcək”, - deyə məqalədə vurğulanıb.
Qeyd edilib ki, COP29 təcrübəsi Azərbaycanın ən yüksək səviyyədə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirib: “Bakıda keçirilən COP29 beynəlxalq iqlim diplomatiyası tarixində bir mərhələ oldu. WUF13-ə bu təcrübənin böyük təsiri olacaq”.
Həmçinin bildirilib ki, WUF13 dövrümüzün ən əhəmiyyətli problemlərindən birini həll etməyə yönəlmiş təcrübə və təkliflər mübadiləsi üçün unikal platformanı təmin edəcək.