22 aprel 2026 09:52
178

Hüququ əsası olmayan  qətnamələr Azərbaycanın iradəsinə təsir göstərə bilməz

Azərbaycan hər gün sülhə doğru addımlar atır. Cənab Prezidentin dediyi kimi, “biz sülh şəraitində yaşamağı öyrənirik”. Lakin, görürük ki, bu vəziyyət bəzi dairələri narahat edir. Onlar Azərbaycan və Ermənistan arasında yaranmış hazırkı vəziyyətlə barışa bilmirlər. Cənubi Qafqazda yaranmış yeni reallığı, bunu xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın yaratdığı yeni reallığı qəbul edə bilmirlər. Aprelin 16-da Belçika və Niderlandın Nümayəndələr Palataları tərəfindən Azərbaycana qarşı  qəbul edilmiş sənədlərin heç bir hüquqi əsası yoxdur. Qətnamə reallığı, tarixi faktları və Azərbaycanın suverenliyini görməzdən gəlir, illərdir regiondakı hadisələrin təhrif olunmuş mənzərəsini Avropaya sırımağa çalışan erməni lobbisinin maraqlarına xidmət edir. Avropa ölkələrinin parlamentləri bu cür qərarlar qəbul edərkən nə düşünürlər? Məgər onlar başa düşmürlərmi ki, bu, suveren dövlətin daxili işlərinə kobud müdaxilə kimi təsnif edilə bilər? Onları bu cür şübhəli təşəbbüslərə razı salmağa vadar edən nədir - mövzudan xəbərsizlik, yoxsa erməni lobbisinin təsiri? Əlbəttə,  bu qətnamənin əsas hərəkətverici qüvvəsi - erməni lobbisi və diasporudur.  Həmin sənəd, müəyyən təsir qruplarının maraqlarına xidmət etmək üçün hazırlanmış siyasi addımdır və korrupsiyanın birbaşa məhsuludur.

      Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi bu qərarlarla  ziddiyyət təşkil edir. 2025-ci ilin avqust ayında Vaşinqtonda birgə bəyannamənin imzalanmasından və “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasından sonra tərəflər praktiki normallaşma mərhələsindədirlər. Münaqişənin  ağır və çətin mirasına baxmayaraq, hər iki ölkə  mübahisəli məsələləri tədricən həll etmək istəyini nümayiş etdirirlər. Bu fonda Avropa parlamentarilərinin münaqişə gündəliyini canlandırmaq cəhdləri sülh prosesinə qarşı təxribatdır. Onlar rəsmi  Ermənistanın hazırkı mövqeyini nəzərə almırlar. Yaxşı olardı ki, Avropa ölkələri daha çox öz əhalisinə birbaşa təsir edən daha təcili daxili problemlərin həlli haqqında düşünsünlər.  Ancaq, bəzi Avropa parlamentləri  bir faktı unudurlar ki, Cənubi Qafqazda sülh onların ofislərində qurulmur. Bu, Bakı ilə Yerevan arasında birbaşa dialoq, mürəkkəb danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə qurulur. Alternativ gündəm tətbiq etmək üçün hər hansı bir xarici cəhd bu prosesi maneə yaratsa da, onu dayandırmaq iqtidarında deyil. Çünki, Azərbaycan həqiqəti müdafiə etməyə davam edir - sözlə deyil, faktlarla; yalanla, saxtakarlıqla deyil,  sübut və rəqəmlərlə; lobbiçiliklə deyil, beynəlxalq hüquqla, ədalətlə, ləyaqətlə. Biz qışqırmırıq. Biz tikirik. Biz dünyaya məzarları, dağıdılmış məscidləri, yandırılmış kəndləri və nəhayət, tarixi torpaqlarına, doğma evinə qayıdan insanları göstəririk.  Və  artıq dəfələrlə bu fikir öz təsdiqini tapıb: Azərbaycan dövlətinin və xalqının iradəsinə heç bir qüvvə təsir göstərə bilməz.

   Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova