2026-cı il aprelin 22-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Latviya prezidenti cənab Edqars Rinkeviçs arasında Azərbaycanda keçirilən görüşdən sonra mətbuata verilən bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivlərini əhatə edən geniş və rəsmi məzmun daşıyırdı.
Ölkə Başçısı cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd etmişdir ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Bu kontekstdə qarşılıqlı etimadın və dialoqun möhkəmləndiyi bildirilmişdir. Hələ doqquz il öncə Azərbaycan və Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaratmış və ölkələrin münasibətlərini ən yüksək səviyyəyə qaldırmışdır. Məhz bunun əsasında da hər iki ölkə tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışdır. Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, Logistika və nəqliyyat sahəsində əməkdaşlıq və sair məsələlərə diqqətdə saxlanılmışdır. Belə ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox yüksək nəticələr verə bilər. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır.
Məlumdur ki, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunun və Cənubi Qafqazda həyata keçirilən layihələrin Latviya üçün də yeni imkanlar yaratmasının danılmazdır. Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna, xüsusilə qaz ixracı və enerji marşrutlarının şaxələndirilməsi məsələlərinə diqqət yetirsək görərik ki, Latviya tərəfi də bu sahədə əməkdaşlıq imkanlarına maraq göstərən ölkələrdən biridir. Ölkə Başçısının Bəyanatında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunulmuşdur ki, bununla bağlı ölkələr arasında tələbə mübadiləsi proqramları və mədəni layihələrin genişləndirilməsi hər iki ölkə üçün prioritet məsələlərdəndir. Hazırda Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və ümid edirik ki, tələbə sayı növbəti illərdə daha da artacaq və bu bizim ölkəmiz üçün də faydalı olacaqdır.
Dövlət başçılarının görüşü zamanı müzakirə olunan regional təhlükəsizlik, o cümlədən post-münaqişə dövründə vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycan tərəfi bölgədə davamlı sülhün təmin olunması üçün uğurlu addımlar atır, eyni zamanda Avropa ilə əməkdaşlıq çərçivəsində bir sıra tələblərin icrasını dəstəkləyir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi siyasi iradənin mövcudluğunu göstərdi. Edqars Rinkeviçs də öz növbəsində bu əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləmişdir.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Vüqar Rəhimzadə: İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır