Mütəxəssis məşhur mifləri dağıtdı
Gündəlik su qəbulu ilə bağlı geniş yayılan “2-3 litr su içilməlidir” fikrinin hər kəs üçün keçərli olmadığı açıqlanıb. Mütəxəssislər bildirirlər ki, suya olan ehtiyac fərdi xüsusiyyətlərdən asılıdır və standart norma kimi qəbul edilə bilməz.
Türkiyəli nefroloq Sinan Erten qeyd edir ki, gündəlik su ehtiyacı insanın yaşı, çəkisi, fiziki aktivliyi və iqlim şəraitinə görə dəyişir. Onun sözlərinə görə, sağlam insanlarda minimum su qəbulu təxminən 500 ml olsa da, orqanizm qalan ehtiyacın bir hissəsini qidalar və metabolik proseslər vasitəsilə özü təmin edir.
Mütəxəssis bildirir ki, bədəndə suyun balansına böyrəklər və hipofiz vəzi nəzarət edir. Böyrəklər artıq su olduqda sidik ifrazını artırır, azlıq olduqda isə azaldır. Eyni zamanda, hipofiz vəzi susuzluq hissini aktivləşdirərək insanı su içməyə yönəldir: "Nəzərə alınmalıdır ki, sağlam insanlarda su qəbulunun artırılması adətən problem yaratmır. Lakin bəzi yaşlı şəxslərdə və müəyyən dərmanlardan istifadə edən xəstələrdə bu, qanda natriumun azalmasına səbəb ola bilər. Bundan əlavə, qeyd etmək lazımdır ki, yaşlandıqca susuzluq hissi zəifləyir və böyrəklərin su balansını tənzimləmə qabiliyyəti azalır. Xüsusilə 50 yaşdan sonra bu prosesə daha diqqətli yanaşmaq tövsiyə edilir."
Həkimin fikirlərinə görə, sağlam insanlar üçün ən doğru yanaşma susuzluq hissinə uyğun su içməkdir. Yalnız intensiv idman və yüksək fiziki aktivlik hallarında əlavə maye və elektrolit balansına diqqət yetirilməlidir: “ Xatırladım ki, yatmazdan əvvəl su içmək böyrəklər üçün xüsusi fayda daşımır. Əksinə, bu, gecə yuxusunun bölünməsinə səbəb ola bilər.”
Şahnigar Əhmədova, “İki sahil”