24 aprel 2026 20:02
95

Gözlə görünməyən təhlükə

Türkiyənin Fırat Universiteti xəstəxanasının Nevrologiya şöbəsinin əməkdaşı Caner Feyzi Demir ev mühitində və gündəlik həyatda elektromaqnit çirklənmənin artması ilə bağlı xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, elektromaqnit çirklənmə gözlə görünməyən, lakin elektrik və elektron cihazların fəaliyyəti nəticəsində yaranan bir mühit təsiridir. Onun sözlərinə görə, mobil telefonlar, kompüterlər, televizorlar, elektrik xətləri, baza stansiyaları və yüksək gərginlik xətləri əsas mənbələr hesab olunur. Demirin sözlərinə görə, insan gündəlik olaraq müxtəlif elektromaqnit dalğaların təsirinə məruz qalır və bu vəziyyət uzunmüddətli təsir baxımından elmi araşdırmaların mövzusudur. O, bəzi beynəlxalq qiymətləndirmələrdə elektromaqnit sahələrin potensial risk kimi dəyərləndirildiyini də bildirib.

Elektromaqnit təsirlərin sinir sistemi, beyin funksiyaları və ümumi psixoloji vəziyyətə müəyyən təsirləri ola biləcəyini vurğulayan mütəxəssis əlavə edib ki, elektrik cihazlarının istifadə edilmədiyi hallarda söndürülməsi, yataq otaqlarında uzaqda saxlanılması və cihazlarla həddindən artıq yaxın təmasdan qaçınılması tövsiyə olunur. O, həmçinin mikrodalğa sobası, saç qurutma cihazı kimi yüksək şüalanma yarada bilən avadanlıqlardan istifadə zamanı ehtiyatlı davranmağın vacibliyini qeyd edib.

Mütəxəssis fikirlərini yekunlaşdıraraq bildirib ki, elektromaqnit çirklənmə ilə bağlı araşdırmalar davam etsə də, gündəlik həyatda sadə ehtiyat tədbirlərinin görülməsi potensial risklərin azaldılmasına kömək edə bilər.

Şahnigar Əhmədova, “İki sahil”