28 aprel 2026 16:21
408

Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır - FOTO

AMEA Arxeologiya və Antropologiya İnstitutu “İlin ən yaxşi müəssisəsi” nominasiyasi üzrə mükafatlandırılıb

27 aprel 2026-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır” mövzusunda konfrans keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonun videomüraciəti nümayiş etdirilib. AHİK sədri Sahib Məmmədov çıxışında ölkədə əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib, 2025-ci il ərzində həmkarlar ittifaqları tərəfindən keçirilən monitorinqlər və təlim proqramlarının əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, AMEA Azad Həmkarlar İttifaqının rəhbərliyi və nümayəndələri də iştirak ediblər. AMEA-nı tədbirdə AHİ-nin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, əməyin texniki müfəttişi Həsənqulu Qurbanov və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Şövqi Həsənov təmsil ediblər.

Konfrans çərçivəsində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə keçirilən respublika müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən, AMEA Arxeologiya və Antropologiya İnstitutu işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi sahəsində yüksək göstəricilərinə görə “İlin ən yaxşı müəssisəsi” nominasiyası üzrə mükafata layiq görülüb.