Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "Erkən kəsimə son" maarifləndirici kampaniyasını dəstəklədiyini bildirərək son dövrlərdə 6 aylıqdan kiçik quzuların kəsilməsinin ənənə halını almasına diqqət çəkib.
“İki sahil” xəbər verir ki, o, tarixi ənənələrə nəzər salaraq bildirib ki, tarixən ağsaqqallarımız kiçik yaşda olan heyvanların kəsilməsinə qadağa qoyaraq, qonağa çəkisi 25-30 kiloqramlıq qoç kəsərdilər. Deputat təəssüflə qeyd edib ki, hazırda bazara 7-8 kiloqramlıq quzular çıxarılır, xüsusilə dişi heyvanların kəsilməsi cinsin azalması, kökün kəsilməsi deməkdir.
Aqrar siyasət komitəsinin sədri vurğulayıb ki, bir çox mütəxəssisin rəyinə əsasən, erkən yaşda kəsilən quzu ətinin faydalılığı barədə formalaşmış fikirlər tam doğru deyil. Heyvanın normal inkişafı üçün onun böyüməsinə imkan verilməlidir.
T. Rzayev məsələyə kompleks yanaşmanın vacibliyini vurğulayaraq, Agentliyin bu istiqamətdə həyata keçirdiyi maarifləndirici tədbirləri yüksək qiymətləndirib.