Azərbaycanın Avropadakı diaspor təşkilatları bəyanat yayıb.
“İki sahil” xəbər verir ki, bəyanatda ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin 1915-ci il hadisələri ilə bağlı "X" platformasında etdiyi paylaşımda Azərbaycanı əsassız şəkildə ittiham etməsinin dünya azərbaycanlılarında ciddi narazılıq doğurduğu qeyd olunub.
Bəyanatlarda Zöhran Kvame Mamdaninin açıqlamasında siyasi qərəz olduğu, eyni zamanda beynəlxalq hüququn əsas prinsiplərinin təhrif edildiyi vurğulanıb. Bildirilib ki, dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq və işğal nəticəsində yaranan qanunsuz vəziyyətlərin tanınmaması kimi prinsiplər müasir beynəlxalq hüququn təməl dayaqlarını təşkil edir:
"Merin bəyanatında Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren əraziləri daxilində beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkətlərinin "hücum", "məcburi köçürmə" və ya "soyqırımı kampaniyası" kimi təqdim edilməsi reallıqdan uzaq, qərəzli və məsuliyyətsiz yanaşmadır".
Diaspor təşkilatları Azərbaycan xalqına qarşı səsləndirilən əsassız ittihamlara görə üzr istənilməsini və gələcəkdə bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsini tələb ediblər.
Bəyanatlar Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmov, Helsinki Azərbaycan Evinin rəhbəri, "Azər-Türk" Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri, Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Praqa Azərbaycan Evinin və "Natəvan" Cəmiyyətinin rəhbəri Leyla Begim Cəfərova, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh Qurbanov, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq üzrə əlaqələndiricisi, İsveçdə Qarabağ Azadlıq Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Finlandiya üzrə əlaqələndiricisi Mona Savojifar və Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatoru Orxan Oktain tərəfindən ünvanlanıb.