30 aprel 2026 00:58
205

Bel və boyun ağrıları təhlükə siqnalıdır

Bel və boyun ağrıları gündəlik həyatda ən çox rast gəlinən şikayətlər sırasında yer alır. Mütəxəssislər bildirirlər ki, bu cür ağrılar əksər hallarda ciddi problem olmasa da, uzunmüddətli və təkrarlanan zaman diqqətdən kənarda saxlanmamalıdır. Onların sözlərinə görə, xüsusilə şikayətlər 2 həftədən artıq davam edirsə və həyat keyfiyyətinə təsir göstərirsə, mütləq həkimə müraciət edilməlidir.

Türkiyəli beyin və sinir cərrahı Ahmet Hilmi Kaya qeyd edir ki, onurğa orqanizmin həm dayaq, həm də hərəkət funksiyasını təmin edən əsas strukturdur və onun sağlamlığı ümumi həyat keyfiyyətinə birbaşa təsir edir. O, vurğulayır ki, onurğa problemləri yalnız yaşla bağlı deyil, gündəlik həyat tərzi, siqaret istifadəsi və əzələ-çəki balansı kimi amillərlə də sıx əlaqəlidir.

Mütəxəssisin sözlərinə görə, hər bir degenerativ dəyişiklik xəstəlik anlamına gəlmir. Lakin uzun müddət davam edən və diqqətdən kənarda qalan ağrılar daha ciddi problemlərə zəmin yarada bilər. Bu baxımdan erkən diaqnostika və gündəlik fiziki yükün düzgün tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır: “Aktiv həyat tərzi onurğa sağlamlığının qorunmasında əsas rol oynayır. Gündəlik hərəkətin artırılması, qəfil və nəzarətsiz yüklənmələrdən qaçmaq, əzələləri mərhələli şəkildə gücləndirmək və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Araşdırmalar göstərir ki, gündəlik ən azı 7 min addım atan insanlarda əlavə sağlamlıq problemi yoxdursa, ağrıların azalması müşahidə edilir.

Bel və boyun ağrılarının ən çox rast gəlinən səbəbləri arasında əzələ spazmı, ani hərəkətlər, hazırlıqsız fiziki fəaliyyət, hava dəyişiklikləri və infeksiyalardan sonra yaranan ağrılar yer alır. Bu hallar adətən qısa müddətdə keçici olur. Lakin ağrının getdikcə şiddətlənməsi, qol və ya ayaqlara yayılması, keyimə, hissiyyatın azalması, əzələ zəifliyi və ya hərəkət çətinliyi ilə müşayiət olunması daha ciddi problemdən xəbər verə bilər.”

Mütəxəssis gündəlik duruş vərdişlərinin də mühüm rol oynadığını vurğulayır: “Uzun müddət boynun önə əyilmiş vəziyyətdə saxlanılması onurğaya əlavə yük yaradır və şikayətləri artırır. Buna görə də gün ərzində tez-tez mövqe dəyişmək, düzgün oturuş və hərəkət rejimi formalaşdırmaq tövsiyə olunur.

Nəzərə alınmalıdır ki, masaj və isti tətbiqlər müvəqqəti rahatlıq versə də, əsas problemi aradan qaldırmır. Davamlı yaxşılaşma üçün həyat tərzində dəyişikliklər edilməli və onurğaya düşən yük miqdarı düzgün idarə olunmalıdır.”

Şahnigar Əhmədova, “İki sahil”