30 aprel 2026 09:15
214

Sosial mediada trend olan baxımlara güvənməliyikmi?

Sosial mediada reklam edilən kosmetik vasitələr dərini zədələyir

Sosial şəbəkələrdə sürətlə yayılan dəriyə qulluq trendləri ev şəraitində nəzarətsiz tətbiq olunduqda ciddi fəsadlara səbəb ola bilər. “Təbii” və ya “möcüzəvi həll” kimi təqdim olunan üsulların kor-koranə sınaqdan keçirilməsi dəridə yanıq, qalıcı izlər və daha ağır problemlər yaradır.

Türkiyəli dermatoloq Makbule Dündar vurğulayır ki, sosial medianın təsiri ilə xüsusilə uşaqlar arasında bu cür riskli davranışlar artıb. Onun sözlərinə görə, hətta 5-6 yaşlı uşaqların belə üzlərinə maska tətbiq etməsi və tərkibində kimyəvi turşular olan məhsullardan istifadə etməsi müşahidə olunur ki, bu da ciddi narahatlıq doğurur.

Dermatoloqun fikirlərinə əsasən, hər kosmetik məhsul hər dəri tipi üçün uyğun deyil: “Bəzi aktiv tərkibli vasitələr tibbdə yanıq müalicəsi və dərin dəri zədələnmələrindən sonra istifadə olunsa da, sosial mediada bu məhsullar yanlış şəkildə “sızanaq izi üçün həll” kimi təqdim edilir. Nəticədə bu cür məhsulların nəzarətsiz istifadəsi vəziyyəti daha da ağırlaşdırır.

Yanlış qulluq üsullarının məsamələrin tutulmasına və daha çətin müalicə olunan nodulyar-kistik aknelərin (sızanaqların) yaranmasına səbəb ola biləcəyini deyən Dündar bildirir ki, sızanaq izi ilə yanıq izi eyni deyil və eyni üsullarla müalicə edilə bilməz: “Xüsusilə qlikolik və laktik turşu kimi tərkiblərin həkim məsləhəti olmadan istifadəsi dəridə ciddi yanıq yarada bilər.

İstənilən dəriyə qulluq vasitəsinin tətbiqindən əvvəl əsas addım dəri analizidir. Dərinin tipi və həssaslığı müəyyən edilmədən istifadə olunan məhsullar gözlənilməz nəticələrə səbəb ola bilər. Buna görə də, sosial mediada yayılan trendlərə deyil, peşəkar dermatoloji məsləhətlərə üstünlük verilməsi tövsiyə olunur.”

Şahnigar Əhmədova, “İki sahil”