Avropa Parlamentinin anti-Azərbaycan kampaniyasına yeni nəfəs verməsi bir neçə səbəblə bağlıdır: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti, İrəvanda Ermənistan-Avropa İttifaqı zirvə toplantısının keçirilməsi, ABŞ-nin Avropa İttifaqı ilə münasibətlərdə nisbi yumşalmaya getməsi və eləcə də, Birləşmiş Ştatların həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli müstəvidə effektiv əlaqələr qurmaq hesabına Cənubi Qafqazda Rusiya və Avropa İttifaqından boşalan nüfuza tam sahib olması...
Doğrudur, “Qoca qitə” təmsilçiləri nə Ermənistan-Azərbaycan normallaşma prosesinə, nə də Ağ evin İrana qarşı hərbi kampaniyasına hansıa bir şəkildə müdaxilə etmək, yaxud etiraz bildirmək imkanı yoxdur, lakin Avropa Parlamenti məlum qətnamə riyakarlığı sayəsində “yumşaq diplomatiya”nın eybəcər formalarından yararlanmaqla regionla bağlarını qorumağa çalışır.
Bakıya yeni hücum dalğasının arxasında hansı maraqlar dayanır?
Beləliklə, Brüsseldən Azərbaycan əleyhinə verilən son bəyanatlar və qəbul edilən qətnamələr, Avropa Parlamenti, Belçika və Niderland parlamentlərinin Bakıya qarşı sərt mesajları bir mətləbdən xəbər verir: anti-Azərbaycançı qüvvələr, eləcə də, erməni oliqarxları ilə bağlı dairələr, Kaspar Karampetyan, Ruben Vardanyan, Samvel Karapetyan kimi erməni milyarderlərinin sifarişlərini yerinə yetirən Avropa Parlamentinin çirkaba batmış deputatları Azərbaycan Prezidentinin yaratdığı postmüharibə reallıqlarını dəyişməyə çalışır.
Parlamentin son sənədində birbaşa ölkəmiz əleyhinə olan bir neçə bənd Qərb strukturlarının obrazlı desək, “arxa bağçalar”ında hələ də Azərbaycana dair primitiv və absurd təzyiq ssenariləri hazırladıqlarından xəbər verir. Spesifik cəhətlərdən biri isə odur ki, təzyiq kampaniyası və qətnamə oyunları beynəlxalq tədbirlər və Azərbaycanın qlobal reytinqinə birbaşa təsir göstərən hadisələr ərəfəsində start götürür.
Bir sözlə, “Qoca qitə” liderlərinin İrəvana toplaşdığı və Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməyə hazırlaşdığı bir dövrdə Avropadan olan ikiüzlü siyasətçilərin aktivləşməsi əsla təsadüfi sayıla bilməz.
Qərb mənsublarının irəli sürdüyü narrativlər həm də ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh razılaşmasının bəndlərinə qarşıdır.
Qarabağda dırnaqarası “erməni mədəni irsi”nin dağıdıldığı, Bakıda hələ də 19 “müharibə əsiri”nin saxlandığı, Azərbaycanın Ermənistanın qərb hissəsinə - yəni Qərbi Azərbaycana ərazi iddiası qaldırdığı kimi dezinformasiyalar birbaşa Vaşinqton sülhünə zərbədir. Avropalılar bu yolla TRIPP layihəsinin işə düşməsinə, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpasına, bütövlükdə isə, Cənubi Qafqazda kommunikasiyaların açılmasına zərbə vurur.
Azərbaycan və Ermənistan tərəfindən yaradılan delimitasiya komissiyaları növbəti görüşlərini keçirərək sərhəd razılaşmalarına getdikləri bir vaxtda Avropa Parlamentinin erməni revanşistlərinin tələblərinin arxasına keçməsi və onlarla həmrəylik nümayiş etdirməsi Cənubi Qafqazda hazırda mövcud olan sülhü pozmaq, hərbi eskalasiya riskini artırmaq və Avropanın erməni çirkli biznesi ilə əlaqəli siyasətçilərinin maraqlarını qorumaq məqsədlərinə xidmət edir.
Korrupsiya və rüşvət qalmaqallarının “ideoloji” xəritəsi
Maraqlı sual yaranır: Avropa Parlamentinin Azərbaycan əleyhinə hazırladığı qətnamə bəndləri harada və necə formalaşdırılır? Hansı faktlara, hansı sübutlara istinad edilir? Qurumun korrupsiya girdabında çapalaması burada maddi maraq prinsiplərinin daha öndə durduğundan xəbər verir. Son günlər beynəlxalq mediada yayılan məlumatlar da erməni hüquqlarının müdafiəsi adı altında anti-Azərbaycançı qüvvələrin hansı çirkin oyunlara, pul qazanmaqdan ötrü nə kimi maxinasiyalara əl atdığına tam aydınlıq gətirir.
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və onun oğlu Tomasın yayılan video-görüntüləri uzun illər aparılan anti-Azərbaycan təbliğatının mahiyyətini ortaya qoyur. Okamponun satın aldığı avropalı çinovniklərdən biri – Avropa İttifaqının sabiq baş diplomatı Cozepp Borrelin Bakıya qarşı sərt tutumunun haradan qaynaqlandığı indi daha aydın başa düşülür. Vaxtilə Avropanı “bağ”, Avropadan kənar bölgələri “cəngəllik” adlandıran ispaniyalı diplomatın Okampo ilə gizli işbirliyinə malik olduğu, hazırda argentinalı hüquqşünasın məhz Borrel vasitəsilə Avropa Parlamentinin qərarlarına təsir etdiyi faktlarla təsdiqini tapır.
Əgər Borrelin ölkəmizə qarşı qərəzinin kökündə duran ittihamları argentinalı rüşvətxor hüquqşünasın erməni isterikası ilə paralelləşdirsək, hədəfin Avropa İttifaqının Azərbaycanla əlaqələrinə zərbə vurmaq olduğuna şübhə yeri qalmır. Özü də burada əsla Okamponun, yaxud Borrelin erməni sevdalısı olduğu, yaxud Bakı həbsxanalarında cəzalarını çəkən erməni separatçılarının hüquqlarını müdafiə etdiyi versiyasına istinad edilməməlidir.
Okampo və onun oğlunun sözlərindən bu şəxslərin korrupsiya zəncirinin halqaları olduğu, Avropa siyasətçiləri və eləcə də Rusiyadakı erməni oliqarxları ilə birləşərək “maliyyə dəstəyi” hesabına Azərbaycan dövləti və onun maraqlarını hədəfə aldığı ortaya çıxır.
Avropa Parlamentinin son qətnamə oyunlarında da Okamponun birbaşa əli olduğu versiyası xeyli inandırıcı görünür. Bu şəxs yeni sponsorların sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazır olduğunu deyir, feyklər yayır, yalan danışır, ksenofobiya və islamofobiya üzərindən manipulyasiyalar həyata keçirir.
İş o yerə çatır ki, adi bir hüquqşünas Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla imzaladığı müqavilənin ləğvinə məcbur etmək istəyir. Buna ABŞ-dakı erməni lobbisinin gücündən yararlanaraq, özü də “insan hüquqları” yalançı tezisi altında spekulyasiyalar etmək yolu ilə nail olmağa çalışır.
Beləliklə, görünən odur ki, Luis Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya aparır, bu kampaniyaya Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxlarını da cəlb etməyi hədəfləyir. Və bütün bu planların arxasında ciddi geosiyasi məqsədlər deyil, sadəcə, erməni tərəfinə göstərilən “ayı xidməti” müqabilində pul qazanmaq, varlanmaq həvəsi dayanır. Avropa Parlamentinin korrupsiya və rüvşətxorluğa bulaşan deputatlarının hansı mexanizm əsasında gizli işbirliyinə getdikləri Okamponun verdiyi bəyanatlar əsasında tam aydınlaşır.
Avropa Parlamenti ilə əməkdaşlığa son!
Ona görə də Avropa Parlamentinin son anti-Azərbaycan qətnaməsinin mahiyyətində real faktlar deyil, merkantil maraqlardan qaynaqlanan təxribat və qarayaxma ssenarisinin durduğu birmənalıdır. Rəsmi Bakının ölkəmizə qarşı əsassız və qərəzli ittihamlara son qoymaq və anti-Azərbaycan mövqeyindən çəkinmək çağırışlarının cavabsız buraxılması onu deməyə əsas verir ki, artıq bu qurumla konstruktiv əməkdaşlıq mümkün deyil. Avropa Parlamenti qəti olaraq Avropa Şurası Parlament Assambleyasının yolu ilə gedir. Və bu vəziyyət Azərbaycanı da qəti addımlar atmağa sövq edir.
Beləliklə, Milli Məclis səviyyəsində qəbul edilən qərara əsasən,
- Azərbaycan Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələri dayandırdı;
- Parlament üzvlərinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyuldu;
- Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq, Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanıldı;
- Bu dövr ərzində Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması barədə razılığa gəlindi.
Bu addımlar hər kəs tərəfindən son zərurət aktı kimi qəbul olunmalıdır. Çünki, əgər avropalı siyasətçilər Qarabağ bölgəsinə ermənilərin geri qayıdışı ilə bağlı iddia irəli sürürlərsə, “müharibə əsirləri” adlandırdıqları erməniəsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar səsləndirirlərsə, belə davranış Azərbaycanın daxili işlərinə kobud müdaxilə sayılır və beynəlxalq hüquq normalarına da ziddir.
Avropa Parlamentinin hazırda “girov”, yaxud “əsir” adlandırdığı şəxslərin 30 il ərzində törətdiyi vəhşiliklər isə heç vaxt unudulmayacaq.
- Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkar edilməsi;
- 877 nəfərə aid insan qalığının ekshumasiya olunması;
- 10 noyabr 2020-ci il tarixindən 26 aprel 2026-cı il tarixinə qədər ölkədə mina partlayışı ilə bağlı 261 insidentin qeydə alınması;
-ümumilikdə, 423 nəfərin zərər çəkməsi;
- 1991-ci ildən bu günədək 3400 nəfərdən çox insanın minadan zərər görməsi məhz erməni separatçılarının vicdanına yazılmalıdır.
Bəli, həqiqətlər çox acıdır.
Bu günə qədər 1-ci Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4 min Azərbaycan vətəndaşının itkin düşməsinin günahkarları məhz avropalıların “müharibə əsiri” adlandırdığı şəxslərdir.
Bu əməllər müharibə cinayətidir. Lakin 30 ildən artıqdır ki, həmin 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin əzablarına beynəlxalq ictimaiyyət, o cümlədən, Avropa Parlamenti biganəlik nümayiş etdirir. Azərbaycan isə öz tərəfindən humanitar addımlarını atır. Və bu humanitar addımlar müqabilində dünyadan ədalət gözləyir. Çünki, ədalət istəmək bizim haqqımızdır!
Əlibala Məhərrəmzadə,
Milli Məclisin deputatı, professor