06 may 2026 00:57
284

Niyə psixoloji sağlamlığımızı ikinci plana keçiririk?

Yeni araşdırmanın nəticələri göstərir ki, bir çox insanlar iş, ailə və gündəlik öhdəliklər arasında öz psixoloji sağlamlığını arxa plana keçirir.

"Mental Health Foundation (Ruhi Sağlamlıq Fondu)" adından  "Opinium" agentliyi tərəfindən Böyük Britaniyada 4 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, respondentlərin təxminən dörddə biri son bir ay ərzində psixi sağlamlığını dəstəkləmək üçün heç bir addım atmayıb.

Fondun icraçı direktoru Alexa Knight bildirib ki, insanlar psixi sağlamlığın əhəmiyyətini anlayır, lakin real addımlar atmaqda çətinlik çəkirlər. Onun sözlərinə görə, hətta kiçik dəyişikliklər belə ümumi rifaha ciddi təsir göstərə bilər.

Mütəxəssis gündəlik həyata daxil edilə biləcək sadə vərdişlərin əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək etdiyini vurğulayır. Təbiətdə vaxt keçirmək, gündəlik fiziki aktivlik, sosial mediadan istidadəyə fasilə vermək və dostlarla ünsiyyət bu baxımdan xüsusilə önəmlidir. Bununla yanaşı, yatmazdan əvvəl sakit rutin yaratmaq, kifayət qədər su içmək və gün ərzində minnətdar olduğunuz üç şeyi qeyd etmək də psixoloji vəziyyətə müsbət təsir göstərir. Araşdırmada, həmçinin qeyd olunur ki, yeni bacarıqlar öyrənmək və ya hobbi ilə məşğul olmaq insanın diqqətini mənfi düşüncələrdən yayındıraraq psixi sağlamlığı gücləndirir. Psixi sağlamlığı qorumaq üçün böyük dəyişikliklərə ehtiyac yoxdur, əsas məsələ kiçik, lakin davamlı addımlar atmaqdır.

Şahnigar Əhmədova, "İki sahil"