Məqsədim şagirdlərdə təkcə bilik vermək deyil, həm də onları araşdıran, düşünən, öz fikrini əsaslandırmağı bacaran və vətəninə bağlı şəxsiyyət kimi formalaşdırmaqdır
İnsan ömründə elə simalar olur ki, onların adı çəkilən zaman ilk olaraq zəhmət, savad və mənəviyyat yada düşür. Belə insanlar çalışdıqları sahədə yalnız peşələri ilə deyil, xarakterləri, insanlara münasibətləri və yetişdirdikləri nəsillə yadda qalırlar. Müəllimlik isə bu mənada ən ali və ən məsuliyyətli sənətlərdən biridir. Çünki müəllim yalnız kitabdakı bilikləri öyrətmir — o, insanın düşüncəsinə yol açır, qəlbinə işıq salır, gələcəyinə istiqamət verir. Bəzən bir müəllimin söylədiyi sadə bir fikir şagirdin bütün həyatına çevrilir. Bəzən bir müəllimin inamı gənc bir insanın özünəinamının başlanğıcı olur. Elə buna görə də əsl müəllimlərin izi məktəb divarları ilə məhdudlaşmır; onlar yetişdirdikləri şagirdlərin uğurlarında, düşüncələrində və həyat yollarında yaşayırlar.
Bu gün təqdim etdiyimiz müsahibənin qonağı da məhz belə dəyərli pedaqoqlardan biridir — Bakı şəhəri Nərimanov rayonu “Ankara məktəbi” məktəb-liseyinin tarix müəllimi Svetlana Muradova. O, uzun illərin pedaqoji təcrübəsini yüksək intellekti, zəngin dünyagörüşü və müəllim məsuliyyəti ilə birləşdirərək şagirdlərinin yaddaşında hörmət və sevgi qazanan ziyalı müəllimlərdəndir. Svetlana müəllimənin dərslərində tarix sadəcə keçmişdən danışan bir fənn deyil; o dərslərdə vətən sevgisi var, milli yaddaş var, düşünən və araşdıran gənclik formalaşdırmaq missiyası var. Onun nitqindəki səmimiyyət, müəllimliyindəki peşəkarlıq və şagirdlərinə yanaşmasındakı həssaslıq bir daha sübut edir ki, müəllimlik yalnız peşə deyil — böyük ürək, sonsuz səbir və mənəvi zənginlik tələb edən müqəddəs bir yoldur. Svetlana müəllimə də bu yolu ləyaqətlə daşıyan, təhsilin işığına öz əməyini və ömrünü həsr edən dəyərli ziyalılardandır.
İndi isə müsahibəyə keçid alırıq. Bu müsahibə zamanı Svetlana müəlliməni daha yaxından tanıyacaq, onun müəllimlik fəlsəfəsinə, pedaqoji fəaliyyətinin incə məqamlarına və qazandığı uğurların arxasında dayanan zəhmətə birlikdə nəzər salacağıq.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Bu günə qədər müəllimlik fəaliyyətinizdə əldə etdiyiniz uğurları necə qiymətləndirirsiniz?
-Mən uzun illərdir tarix müəllimi kimi fəaliyyət göstərirəm. Bu illər ərzində mənim üçün ən böyük nailiyyət yalnız keçdiyim dərslər deyil, yetişdirdiyim şagirdlərin qazandığı uğurlardır. Şagirdlərim Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin — Avropa, Asiya və Amerikanın tanınmış universitetlərində təhsil alır, bilik və təcrübələrini daim artırırlar. Onların bir qismi bu gün dövlətimizin müxtəlif məsul sahələrində, o cümlədən hüquq-mühafizə və təhlükəsizlik strukturlarında xidmət edirlər. Xaricdə təhsil alan şagirdlərimin gələcəkdə Azərbaycana qayıdaraq respublikamızın inkişafına töhfə verən gənc və istedadlı kadrlar olacağına inanıram. Müəllim üçün ən böyük uğur şagirdlərinin cəmiyyətə faydalı, savadlı və Vətəninə bağlı insan kimi formalaşmasıdır.
-Tarix fənninə marağınız necə formalaşıb? Bu sahəni seçməyinizə hansı amillər təsir edib?
-Tarix fənninə marağım ailəmdən gəlir. Kiçik yaşlarımdan anam mənə yunan əsatirlərini oxuyardı. Evimizdə böyük kitabxana var idi. Tarixi abidələrin illüstrasiyaları ilə zəngin, maraqlı kitablar məndə tarixə böyük maraq yaratmışdı. Məktəb illərində ən çox sevdiyim fənlərdən biri tarix idi. Tarix mənim üçün sadəcə keçmişdə baş verən hadisələrin öyrənilməsi deyil, həm də xalqların, dövlətlərin və insanların keçdiyi inkişaf yolunu anlamaq vasitəsi idi. Bu maraq illər keçdikcə daha da gücləndi və mənim peşə seçimimə təsir göstərdi.
-Müəllimlik peşəsini seçməyinizdə əsas motivasiya nə olub?
-Mən deyərdim ki, mən peşəni yox, peşə məni seçib. 189 nömrəli məktəbdə təcrübə zamanı ilk dərsimi keçəndə həmin məktəbin tarix müəllimi mənə demişdi: “Siz əsl müəllimsiniz, bu, sizin peşənizdir”. Bu sözlər mənə böyük təsir etmişdi. Müəllimlik peşəsini seçdiyimə görə bu gün çox sevinirəm. Çünki illər ərzində bir çox şagirdimin şəxsiyyət kimi formalaşmasında rolum olub. Onları düzgün istiqamətləndirməyə, bilikli, düşünən və Vətəninə bağlı insan kimi formalaşmasına dəstək olmağa çalışmışam.
-Sizin üçün tarix müəllimliyi nə ifadə edir və bu peşənin ən böyük məsuliyyəti nədədir?
-Tarix müəllimi vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır. Tarix insanlarda vətəndaşlıq borcunu, nəsillər arasında varislik hissini, milli ənənə və mədəniyyətə bağlılığı formalaşdıran vacib fəndir. Tarixi şəxsiyyətlərin həyatı, onların qəhrəmanlığı, xalqına və dövlətinə sədaqəti gənc nəslin formalaşmasında böyük əhəmiyyət daşıyır. Dövlət, xalq, millət, dövlət atributları, ərazi bütövlüyü və müstəqillik anlayışlarını şagirdlərə aşılamaq tarix fənninin tədrisində ən mühüm vəzifələrdən biridir. Bu peşənin ən böyük məsuliyyəti şagirdlərdə düzgün tarixi düşüncə, vətənpərvərlik, milli kimlik və vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

-Uğurlu tarix müəllimi olmaq üçün hansı keyfiyyətlər vacibdir?
-Uğurlu tarix müəllimi ilk növbədə güclü natiqlik qabiliyyətinə malik olmalıdır. O, tarixi faktları yalnız əzbərlətməməli, onları bu gün baş verən hadisələrlə və müasir həyatla əlaqələndirməyi bacarmalıdır. Tarix müəllimi geniş dünyagörüşünə sahib olmalı, daim oxumalı və öz üzərində işləməlidir. Şagirdlərin suallarına peşəkarlıqla cavab vermək, onları düşünməyə, araşdırmağa və nəticə çıxarmağa sövq etmək müəllimin əsas bacarıqlarından biridir. Eyni zamanda, müəllim səbirli, məsuliyyətli və empatiya hissinə malik olmalıdır. Hər şagirdə fərdi yanaşmaq dərsin uğurlu alınmasında çox vacib amildir.
-İlk dərs gününüzü necə xatırlayırsınız? Şagirdlərlə ilk təcrübəniz hansı hissləri yaratmışdı?
-İlk dərs günümü həyəcanla xatırlayıram. Bu həyəcan qorxudan deyil, məsuliyyətdən irəli gəlirdi. Mən istəyirdim ki, ilk dərsim şagirdlərdə tarix fənninə maraq oyatsın və onlar dərsdən müsbət təəssüratla ayrılsınlar. Əlbəttə, o dövrdə təcrübəm az idi. Amma daim çalışırdım ki, dərslərim fərqli və yaddaqalan olsun. Şagirdlərlə ilk təcrübəm mənə öyrətdi ki, dərsin uğurlu olması üçün şagirdin marağını daim qorumaq lazımdır. Hər şagird fərqlidir və hər birinə fərdi yanaşmaq müəllim üçün çox vacibdir.

-Təhsil aldığınız illərdə sizə təsir edən, yadda qalan müəllimlər olubmu? Onlardan hansı prinsipləri götürmüsünüz?
-Təhsil aldığım illərdə müəllimlərimin əksəriyyəti mənim formalaşmağımda böyük rol oynayıb. Onlara çox minnətdaram. Müəllimlərim öz vəzifələrinə böyük məsuliyyətlə yanaşırdılar. Mən onlardan savadlı şagird formalaşdırmağı, müəllim adına hörmətlə yanaşmağı, məsuliyyətli və tələbkar olmağı öyrəndim. Bu prinsiplər bu gün də mənim pedaqoji fəaliyyətimin əsasını təşkil edir.
-1999-cu ildən bu günə qədər şagirdlərdə hansı dəyişiklikləri müşahidə etmisiniz?
-1999-cu ildən bu günə qədər şagirdlərdə həm müsbət, həm də müəyyən mənada çətinlik yaradan dəyişikliklər müşahidə etmişəm. Əvvəlki illərdə şagirdlər kitab oxumağa daha çox meyilli idilər. Onların diqqətini cəlb etmək və motivasiya yaratmaq daha asan idi. Bu gün isə şagirdlərin informasiya mənbələri dəyişib. Onlar daha çox vizual materiallara, videolara və interaktiv resurslara üstünlük verirlər. Tarix dərsliklərindəki geniş mətnlər bəzən onlara çətin gəlir. Lakin bunu yalnız mənfi hal kimi qiymətləndirmək olmaz. Müasir texnologiyalar müəllim üçün yeni imkanlar da yaradır. Əsas məsələ bu imkanlardan düzgün istifadə etmək və şagirdlərin marağını faydalı istiqamətə yönəltməkdir.
-Müasir şagirdlərin tarix fənninə marağını necə dəyərləndirirsiniz?
-Müasir şagirdlərin tarix fənninə marağı hələ də yüksəkdir. Xüsusilə müasir tariximizdə baş verən hadisələr, regionda və dünyada baş verən münaqişələr, siyasi proseslər onlarda böyük maraq doğurur. Şagirdlər tarixi hadisələrin bugünkü həyatla əlaqəsini gördükdə fənnə daha ciddi maraq göstərirlər. Buna görə də tarix dərslərində keçmişlə bu günü əlaqələndirmək çox vacibdir. Tarix şagirdə yalnız keçmişi deyil, bu günü də anlamağa kömək etməlidir.
-Dərslərinizdə hansı təlim metodlarından daha çox istifadə edirsiniz?
-Dərslərimdə həm ənənəvi, həm də interaktiv təlim metodlarından istifadə edirəm. Müasir dövrdə 21-ci əsrin şagirdinin maraqlarına cavab verən, onu düşündürən və inkişaf etdirən metodlara daha çox üstünlük vermək lazımdır. Dərslərimdə BİBÖ, klaster, Eyler-Venn diaqramı, müqayisəli cədvəllər, rollu oyunlar, tədqiqat metodları və digər fəal təlim üsullarından istifadə edirəm. Bu metodlar şagirdlərin dərsdə daha aktiv iştirak etməsinə, mövzunu daha dərindən mənimsəməsinə və öz fikirlərini sərbəst ifadə etməsinə şərait yaradır.

-Şagirdlərdə tarixə marağı artırmaq üçün hansı üsulları daha effektiv hesab edirsiniz?
-Şagirdlərdə tarixə marağı artırmaq üçün viktorinaların keçirilməsi, rollu oyunlar, layihələrin hazırlanması, qısa tarixi videoların yaradılması və mənbələrlə iş çox effektiv üsullardır. Tarix yalnız kitabda oxunan faktlar kimi təqdim olunmamalıdır. Şagird hadisəni hiss etməli, onun səbəb və nəticələrini anlamalı, öz münasibətini bildirməyi bacarmalıdır. Bu zaman tarix dərsi daha canlı, maraqlı və yaddaqalan olur.
-Texnologiyanın tədris prosesinə — onlayn platformalar, multimedia, süni intellekt və s. təsiri barədə fikriniz nədir?
-Texnologiyadan istifadə dövrün tələbidir. Onlayn platformalar, multimedia vasitələri və süni intellekt tədris prosesində böyük imkanlar yaradır. Lakin onlardan düzgün və məqsədyönlü istifadə olunmalıdır. Texnologiya müəllimi və dərsi əvəz etməməli, əksinə dərsin keyfiyyətini artırmalıdır. Bu vasitələr şagirdləri hazır cavab almağa deyil, araşdırmağa, düşünməyə və müqayisə aparmağa yönəltməlidir. Müəllim texnologiyanı məqsəd kimi deyil, təlim prosesini zənginləşdirən vasitə kimi istifadə etməyi bacarmalıdır.
-Şagirdlərə tarixi faktları yadda saxlamaqda çətinlik çəkməmələri üçün nə tövsiyə edirsiniz?
-Şagirdlərə tövsiyə edirəm ki, tarixi faktları sadəcə əzbərləməsinlər. Onları öz təsəvvürlərində canlandırsınlar, hadisələrin səbəb və nəticələrini anlasınlar, faktlar arasında əlaqə tapsınlar və təhlil etsinlər. Tarixi hadisələr bir-biri ilə əlaqəli proseslərin nəticəsidir. Şagird bu əlaqəni görəndə faktları yadda saxlamaq onun üçün daha asan olur. Əzbərçilik qısa müddətli nəticə verə bilər, amma anlama və təhlil etmək bilikləri daha möhkəm edir.

-Tarix müəllimi olmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?
-Tarix müəllimi olmaq istəyən gənclərə ilk məsləhətim şagirdlərə empatiya hissi ilə yanaşmaqdır. Müəllim şagirdin mövzunu öyrənərkən hansı çətinliklərlə üzləşdiyini anlamalı və ona kömək etməyə çalışmalıdır. Bunun üçün müəllim daim öz bilik və bacarıqlarını artırmalıdır. Tarix müəllimi yalnız dərsliklə kifayətlənməməli, oxumalı, araşdırmalı, dünyada baş verən prosesləri izləməli və özünü inkişaf etdirməlidir. Ən əsası isə bu peşəni sevərək seçmək lazımdır. Çünki müəllimlik yalnız bilik vermək deyil, həm də insan formalaşdırmaq məsuliyyətidir.
-Sizin üçün ən yaddaqalan pedaqoji uğur və ya hadisə hansıdır?
-Mənim üçün ən yaddaqalan pedaqoji uğurlardan biri Ələkbərov Kamran adlı şagirdimin “Ağıl dəryası” intellektual oyununda qalib gəlməsidir. O, təhsil tariximizdə ilk dəfə imtahansız attestat almaq hüququ qazanan şagird olmuşdur. Onun bu uğuru mənim pedaqoji fəaliyyətimdə xüsusi yer tutur. Çünki müəllim üçün şagirdinin nailiyyətini görmək ən böyük sevinc və qürur mənbəyidir. Belə anlar müəllimə göstərir ki, çəkilən zəhmət hədər getməyib.

-Müəllim kimi sizi ən çox motivasiya edən amil nədir?
-Məni ən çox motivasiya edən amil şagirdlərimdən, valideynlərdən, müəllim kollektivindən və məktəb rəhbərliyindən aldığım dəyərdir. Şagirdlərimin uğurlarını görmək, onların inkişafına şahid olmaq, illər sonra cəmiyyət üçün faydalı insanlara çevrildiklərini bilmək mənə böyük güc verir. Müəllim üçün bundan böyük motivasiya yoxdur.
-Müasir təhsil sistemində tarix fənninin rolunu necə qiymətləndirirsiniz?
-Müasir təhsil sistemində tarix fənninin rolu çox böyükdür. Tarix şagirdlərə yalnız keçmişi öyrətmir, həm də bu günü anlamağa və gələcəyi düzgün qiymətləndirməyə kömək edir. Tarix fənni vətəndaşlıq mövqeyinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvərlik hissinin güclənməsində mühüm rol oynayır. Bu fənn şagirdlərə dövlətçilik ənənələrini, müstəqilliyin dəyərini və xalqımızın keçdiyi tarixi yolu anlamağa imkan verir. Məncə, tarix fənni müasir təhsildə yalnız bilik verən fənn deyil, həm də düşünən, müqayisə edən, hadisələrə obyektiv yanaşan vətəndaş formalaşdıran əsas fənlərdən biridir.
-Gələcək planlarınız nələrdir və tədris sahəsində hansı yenilikləri tətbiq etməyi düşünürsünüz?
-Gələcək planlarım Vətənimizə və cəmiyyətimizə layiqli, düşünən, bacarıqlı, dövlətin mənafeyini qoruyan vətəndaşlar formalaşdırmaqdır.
Tədris sahəsində daha çox interaktiv metodlardan, multimedia vasitələrindən, layihə əsaslı öyrənmədən və tarixi mənbələrlə iş metodlarından istifadə etməyi düşünürəm. Şagirdlərin yalnız faktları bilməsi deyil, həmin faktları təhlil etməsi, müqayisə aparması və öz nəticəsini çıxarması mənim üçün çox vacibdir.

Bu səmimi və maraqlı müsahibə əsasında bir daha əmin olduq ki, müəllimlik yalnız peşə deyil, böyük ürək, sonsuz səbir və yüksək mənəvi məsuliyyət tələb edən müqəddəs bir missiyadır. Svetlana müəllimə isə öz biliyi, pedaqoji ustalığı və insanpərvərliyi ilə bu müqəddəs adı ləyaqətlə daşıyan nümunəvi ziyalılardandır. Onun timsalında bir daha görürük ki, əsl müəllim yalnız dərs keçmir — o, insan formalaşdırır, gələcəyin bünövrəsini qurur. Dəyərli fikirlərini bizimlə bölüşdüyü üçün Svetlana müəlliməyə dərin təşəkkürümüzü bildiririk. Ona gələcək pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, bol nailiyyətlər, sağlam və mənalı ömür arzulayırıq. Şagirdlərinin sevgisi, həmkarlarının hörməti və qazandığı uğurlar daim yoluna işıq olsun. Qoy yetişdirdiyi hər bir şagird onun əməyinin ən gözəl bəhrəsinə çevrilsin. Uca Tanrıdan Svetlana müəlliməyə möhkəm can sağlığı, tükənməz enerji, ailə səadəti və uzun ömür diləyirik. Belə ziyalı müəllimlərin varlığı təhsilimizin ən böyük gücü və gələcəyimizin ən möhkəm təminatıdır.