Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Zakarpatye vilayəti ən kütləvi hücuma məruz qalıb. Vilayətdə partlayışlar baş verib, hava məkanında isə bir neçə pilotsuz uçuş aparatı ilə hücum dalğası qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Zakarpatye Vilayət Hərbi Administrasiyasının rəhbəri Miroslav Biletski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, vilayətin bir neçə bölgəsində partlayış səsləri eşidilib.
Regionda hava həyəcanı davam edir. Hakimiyyət orqanları sakinləri sığınacaqlarda qalmağa və hava həyəcanı siqnallarına ciddi yanaşmağa çağırıb.
Saat 16:00-dan etibarən Zakarpatyenin hava məkanında Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb. Daha sonra hava qüvvələri PUA-ların Mukaçevo istiqamətində hərəkət etdiyini bildirib.
Sonradan vilayət hərbi administrasiyasının rəhbəri region ərazisində yeni hava hədəflərinin aşkar edildiyini açıqlayıb.
Xatırladaq ki, bu gün Rusiya Ukraynaya qarşı uzunmüddətli kombinə edilmiş zərbələr taktikasını həyata keçirib.
Kiyev, Rovno, Volın, Odessa, Xmelnitski, Lvov, Zakarpatye və digər vilayətlər hücuma məruz qalıb. Bir sıra regionlarda ölən və yaralananların olduğu, yaşayış evlərinin və infrastrukturun zədələndiyi, həmçinin qəza səbəbindən elektrik enerjisinin kəsildiyi bildirilib.
Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini mümkün raket zərbələri öncəsi yükləmək məqsədilə Belarus sərhədi boyunca “Şahed”lərin “zəncirvari” buraxılması kimi yeni taktikadan istifadə edir.