14 may 2026 15:11
162

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq - VİDEO

Mayın 16-17-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.

Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.

“İki sahil” xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.

Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.

Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyducu, selofan paket digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.