Təranə Bağırova:Yaxşı Azərbaycan dili və ədəbiyyatı müəllimi yalnız qaydaları öyrətməməli, həm də sözün ruhunu, ədəbiyyatın qəlbə toxunan tərəfini şagirdə hiss etdirməlidir
Müəllimlik sadəcə bir peşə deyil, insan taleyinə istiqamət verən, cəmiyyətin inkişafına yön verən müqəddəs bir missiyadır. Müəllimlik insanın iç dünyasına toxunan, onun düşüncə tərzini formalaşdıran, həyata baxışını dəyişdirən ən məsuliyyətli və ən şərəfli fəaliyyət sahələrindən biridir. Müəllim sinif otağında yalnız bilik ötürmür, o, həm də həyatın özünü izah edir, şagirdə düzgün yol seçməyi öyrədir, onda məsuliyyət, vətənpərvərlik, ədalət və insani dəyərlər formalaşdırır. Cəmiyyətin intellektual və mənəvi inkişafı birbaşa müəllimin əməyindən asılıdır. Çünki həkimi, mühəndisi, jurnalisti, yazıçını, hətta dövlət idarəçisini yetişdirən məhz müəllimdir.
Bir millətin sabahı məktəb partalarında başlayır. Sinif otaqlarında səslənən hər fikir, müəllimin söylədiyi hər cümlə, verdiyi hər istiqamət gələcəyin formalaşmasında mühüm rol oynayır. Müəllim yalnız dərs deyən şəxs deyil, eyni zamanda bir yol göstərici, bir ruh tərbiyəçisidir. O, şagirdin potensialını üzə çıxarır, onun özünə inamını formalaşdırır və həyatdakı məqsədinə doğru addımlamasına kömək edir. Bu baxımdan müəllimlik peşəsi həm elmi, həm də mənəvi baxımdan ən yüksək dəyərlərdən birini daşıyır. Bu gün biz məhz bu müqəddəs missiyanı öz həyat amalına çevirən fədakar müəllimlərdən danışırıq.
Belə dəyərli pedaqoqlardan biri də Bağırova Təranə Böyükxan qızı-dır. O, Bakı şəhəri Nəsimi rayonunda yerləşən Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Təranə müəllimə yalnız ədəbiyyatın incəliklərini öyrədən pedaqoq deyil, həm də şagirdlərində mütaliə mədəniyyəti formalaşdıran, bədii düşüncəni inkişaf etdirən və milli-mənəvi dəyərləri aşılamağı qarşısına məqsəd qoyan təcrübəli təhsil işçisidir.
Onun pedaqoji fəaliyyəti ərzində bir sıra uğurları olmuşdur. 2010-cu ildə “İlin müəllimi” müsabiqəsinin qalibi, 2022-ci ildə isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. O, 5–6-cı sinif ədəbiyyat dərsliyinin həmmüəlliflərindən biridir.
Təranə müəllimə Dövlət İmtahan Mərkəzində marker müəllim kimi fəaliyyət göstərmiş, 2008-ci ildən isə müxtəlif təlim proqramlarında təlimçi kimi iştirak etmişdir. Şagirdləri ilə birgə “Qiraətçi” layihəsində iştirak etmiş, ədəbiyyat əsərlərinin müzakirəsini təşkil etmişdir. Həmçinin interaktiv dərslər və müzakirə formatlı fəaliyyətlərlə şagirdlərdə düşünmə bacarıqlarını inkişaf etdirmişdir.
Onun əsas məqsədi şagirdləri ədəbiyyata, milli dəyərlərə və mütaliəyə bağlı, düşünən və məsuliyyətli vətəndaşlar kimi yetişdirməkdir.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Həyat və müəllimlik yolunuz haqqında nələri bölüşmək istərdiniz?
-Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadə adına 164 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərirəm. 2010-cu ildə “İlin müəllimi “ müsabiqəsinin qalibi olmuşam. 5- 6 - cı sinif ədəbiyyat dərsliyinin həmmüəlliflərindən biri olmuşam. 2022- ci il də 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Qabaqcıl təhsil işçisi “döş nişanı ilə təltif olunmuşam.
Dövlət İmtahan Mərkəzində buraxılış və blok imtahanlarında, həmçinin jurnalistika ixtisasına qəbulda yazı işlərini yoxlanılmasında marker müəllim kimi fəaliyyət göstərmişəm.
2008 -ci ildən təlimçi kimi fəaliyyət göstərmişəm. Təlimlərdə həm öyrənmişəm, həm də öyrətməyə çalışmışam.
Bildiyimiz kimi , yetişməkdə olan gənc nəslin inkişafında mütaliə mühüm yer tutur. Şagirdlərimlə Elm və Təhsil Nazirliyinin mütaliə ilə bağlı “Qiraətçi“ layihəsində iştirak etmişik. Təhsil TV -nin “Qiraətçi” verilişində şagirdlərim dahi şair Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” , İsmayıl Şıxlının “Dəli Kür” əsərini təhlil edib, obrazlara öz münasibətlərini bildiriblər
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan Hüseyn Cavidin ev- muzeyində, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ev muzeyində müasir təlim texnologiyalarından istifadə etməklə interaktiv dərs keçirmişəm. Məktəbimizdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi ənənəyə çevrilib Hər keçirilən tədbir şagirdlərimiz üçün bir vətən dərsidir. Onların qəhrəmanlıq ruhunda tərbiyəsində mühüm rol oynayır.
Xalqıma,dövlətimə layiqli vətəndaşlar yetişdirməkdən qürur hissi keçirirəm
Azərbaycan dilini tədris etdiyim siniflərdə şagirdlərim buraxılış imtahanlarında yüksək nəticələr toplayırlar.Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat “ müsabiqəsində 10a sinif şagirdi Murad Tahirli iştirak edib.
Həyatımın ən mənalı hissəsini sinif otağında, şagirdlərimin gözlərindəki maraq parıltısında və ana dilimizin sehrində keçirmişəm. Müəllimlik mənim üçün sadəcə peşə deyil, bir həyat tərzidir. Hər yeni dərs ili mənə yenidən doğulmaq hissi bəxş edir.
Mən pedaqoji fəaliyyətə 164 - nömrəli məktəbdə başlamışam. Məktəbin direktoru Kəmalə Qədirova, təlim -tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova , təcrübəli müəllimlərimiz Nəzmirə Rüstəmova , Həcər Bəşirova, Sahilə Allahverdiyeva,Flora Quliyeva, Güləbətin Məhərrəmova ,Şəfa Mehdiyeva mənə həmişə dəstək olublar.164 nömrəli məktəb bir ailədir.Məktəbimizdə Bacıxanım Əliyeva ,Sevinc Məcidova ədəbi-bədii kompozisiyalarla əhatə olunmuş böyük tədbirlər keçirirlər.Təşkilatçı İradə İsmayılzadə məktəbdə keçirilən tədbirlərin məktəbin Fəaliyyət Planına uyğun olaraq hazırlanmasına diqqət yetirir.
-Müəllimlik sizin üçün ilk növbədə nə deməkdir və sizcə, yaxşı Azərbaycan dili və ədəbiyyatı müəllimi necə olmalıdır?
-Müəllimlik mənim üçün ilk növbədə məsuliyyətdir — gələcəyə körpü qurmaq məsuliyyəti. Yaxşı Azərbaycan dili və ədəbiyyatı müəllimi yalnız qaydaları öyrətməməli, həm də sözün ruhunu, ədəbiyyatın qəlbə toxunan tərəfini şagirdə hiss etdirməlidir. O, Füzulinin qəzəlində bir kədəri, Vaqifin qoşmasında bir sevinci, Cavidin əsərində bir fəlsəfəni canlandıra bilməlidir. Yaxşı müəllim həm də yaxşı dinləyici, səbirli rəhbər və hər şagirdə fərdi yanaşa bilən bir insan olmalıdır.
-Niyə məhz müəllimlik, niyə məhz Azərbaycan dili və ədəbiyyatı müəllimliyi? Bu sahəyə bağlılığınızın əsas səbəbi nə olub?
-Atam — yazıçı-jurnalist Böyükxan Bağırlı mənim həyatda ilk müəllimim, ilk yolgöstərənim olub. Yazıya, sözə və ədəbiyyata olan sevgimin təməli də məhz onun mənə aşıladığı dəyərlərlə formalaşıb. İlk yazı sevincim atamın yazı makinasının səsi ilə başlayıb. Onun qələmə aldığı əsərlərin ilk oxucusu olmaq mənim üçün həm böyük qürur, həm də əvəzsiz məktəb idi. Hər yeni yazısında, hər cümləsində sözün gücünü, fikrin məsuliyyətini və ədəbiyyatın insan həyatındakı yerini öyrənirdim.
Atamın zəngin kitabxanası mənim dünyagörüşümün formalaşmasında mühüm rol oynayıb. Uşaqlıq illərim kitabların əhatəsində keçib. Evimizdə hər gün yeni çıxan qəzetlər oxunar, müxtəlif mövzularda fikir mübadilələri aparılar, tarixi və bədii əsərlər müzakirə olunardı. Bu söhbətlər mənim düşüncə tərzimin inkişafına, mütaliəyə marağımın artmasına və sözə bağlılığımın güclənməsinə böyük təsir göstərib.
Atamın mənə verdiyi tövsiyələr, etdiyi qeydlər və həyata baxışı illər boyu mənim üçün bir yol xəritəsinə çevrilib. O, mənə yalnız dili və ədəbiyyatı sevdirmədi, həm də sözə hörmət etməyi, oxumağın və öyrənməyin insanı mənəvi cəhətdən zənginləşdirdiyini öyrətdi. Bu gün müəllim kimi fəaliyyətimdə şagirdlərimə aşılamağa çalışdığım dəyərlərin təməlində də məhz ailədən, xüsusilə atamdan aldığım mənəvi irs dayanır.
Dilimizi ,ədəbiyyatımızı mənə atam sevdirib.Məktəbdə ədəbiyyat müəllimim şair Misir Alarlı olub.Mən yaradıcı bir mühitdə , böyümüşəm.
Atam dünyasını dəyişdikdən sonra 2016 - cı ildə onun “Sübh yuxusu” kitabını nəşr etdirmişəm. Kitab dünyasını dəyişmiş Böyükxan Bağırlı oxucuları üçün bir töhfə idi.
Uşaqlıqdan kitablar mənim ən yaxın dostum olub. Ana dilimizin gözəlliyi, klassik və müasir ədəbiyyatımızın zənginliyi məni heyran edirdi. Mən bu sevgini təkbaşına yaşamaq istəmirdim — onu paylaşmaq, başqalarına da hiss etdirmək arzusu məni bu peşəyə gətirdi. Azərbaycan dili sadəcə bir ünsiyyət vasitəsi deyil, millətimizin ruhudur. Bu ruhu yeni nəsillərə ötürmək məsuliyyəti mənim üçün ən şərəfli vəzifədir.
-İlk dərs gününüzü necə xatırlayırsınız? O gün yaşadığınız həyəcan və duyğular yaddaşınızda necə qalıb?
-İlk dərs günümü heç vaxt unutmayacağam. Şagirdlərin maraqlı baxışları məni həm qürurlandırır, həm də həyəcanlandırırdı. O gün anladım ki, hər bir sözüm, hər bir baxışım onların yaddaşında iz buraxa bilər. Dərsdən çıxanda yorulmuşdum, amma içimdə qəribə bir xoşbəxtlik vardı — başa düşdüm ki, mən doğru yolu seçmişəm.
-Müəllimlik sənətinin görünməyən və ən çətin tərəfləri nələrdir? Bu peşədə insanı ən çox nə yorur, nə motivasiya edir?
-Müəllimliyin görünməyən tərəfi evdə davam edən işdir — hazırlanan testlər ,dərslər, hər bir şagird üçün düşünülən fərdi yanaşma. Amma məni motivasiya edən isə şagirdimin gözündə yanan o işıqdır — yeni bir şeir anladığı, bir ideyanı kəşf etdiyi an. Məzun olmuş bir şagirdin illər sonra zəng edib "Müəllimə, sizin sözləriniz mənə yol göstərdi" deməsi — bütün yorğunluğu aradan qaldırır.
-Uzun illərdir həm məktəbdə müəllim, həm də təlimçi kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində təhsil sistemində hansı əsas dəyişiklikləri və yenilikləri müşahidə etmisiniz?
-Təhsil sistemimiz son onilliklərdə ciddi yenidənqurma prosesi keçirib. Kurikulum islahatları, fəal təlim metodları, qiymətləndirmə sisteminin yenilənməsi, rəqəmsal texnologiyaların dərslərə inteqrasiyası — bunların hamısı müsbət dəyişikliklərdir. Şagird artıq passiv dinləyici deyil, dərsin fəal iştirakçısıdır. Müəllim də "biliyin yeganə mənbəyi" rolundan çıxıb, bələdçi rolunu öz üzərinə götürüb. Əlbəttə, hər yeniliyin öz çətinlikləri var, amma ümumi inkişaf yolumuz düzgündür.
-5–6-cı sinif ədəbiyyat dərsliyinin həmmüəllifi olmaq sizin üçün nə ifadə edir? Dərslik hazırlanarkən ən çox nəyə diqqət yetirmisiniz?
-Dərslik yazmaq — gələcək nəsillərə yazılmış bir məktubdur. Bu, mənim üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyət olub. Dərsliyi hazırlayarkən ən çox üç şeyə diqqət etdik: birincisi, mətnlərin uşağın yaş psixologiyasına uyğunluğu; ikincisi, milli-mənəvi dəyərlərimizin təbii şəkildə ötürülməsi; üçüncüsü, şagirdin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirə biləcək sualların seçilməsi. Hər mətni seçərkən özümə sual verdim: "Bu, uşağın qəlbinə toxuna biləcəkmi?"
-2022-ci ildə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmusunuz. Bu mükafat sizdə hansı hissləri yaratdı?
-Bu mükafat mənim üçün təkcə şəxsi nailiyyət deyil, illərlə çəkdiyim əməyin dövlət tərəfindən qiymətləndirilməsi idi. O anda gözlərim qarşısına işlədiyim məktəb ,bütün şagirdlərim, həmkarlarım, məni dəstəkləyən ailəm gəldi. Anladım ki, bu mükafat mənim deyil, hamımızındır. Eyni zamanda yeni bir məsuliyyət də gətirdi — bu adı layiqincə daşımaq, daha çox işləmək, daha çox töhfə vermək məsuliyyəti.
-Sizcə, mütaliənin şagirdlərin dünyagörüşünün formalaşmasında rolu nə qədər vacibdir? Şagirdlərdə kitab oxumağa marağı artırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
-Mütaliə — şagirdin mənəvi qida mənbəyidir. Kitab oxumayan uşaq, dünyanı yalnız öz pəncərəsindən görür; oxuyan isə yüzlərlə pəncərədən baxa bilir. Şagirdlərimdə bu marağı oyatmaq üçün müxtəlif üsullar tətbiq edirəm: Hər il yeni tədris ilinin əvvəlində məktəbimizdə siniflərdə şagirdlərə oxuyacaqları əsərlərin siyahısı verilir.Sonra isə bu iş planlı şəkildə aparılır. "Həftənin kitabı" müzakirələri, oxuduğumuz əsərlərin müasir həyatla əlaqələndirilməsi, kitab klubu görüşləri, kiçik teatr səhnələri edirik. Şagirdlər oxuduqları əsərlərin mövzu və ideyasına, obrazlara münasibət bildirirlər..
Qeyd etdiyim kimi şagirdlərin mütaliəsinə üstünlük verirəm.Mustafa Çəmənlinin “İgid Mübariz”, Sevinc Nuriqıznın .“Zəfər nəğməsi” əsərinin müzakirəsini müəlliflərin iştirakı ilə keçirmişik.Şagirdlərin mütaliəsində məktəb müdiriyyətinin iştirakı onlara stimul verib..
Məktəbimizdə fəaliyyət göstərən“Kiçik Akademiya” da “Mütaliə qrupu”nun üzvləri ilə Mustafa Çəmənlinin “İgid Mübariz”əsərinin təhlil zamanı şagirdlərə belə bir sual verdim . Torpaqlarımızı işğaldan azad etmək üçün nə etməliyik? Şagirdlər verilən sualla bağlı fikirlərini bildirdilər.Vətən yolunda ,torpaq yolunda mübarizəyə hazır olduqlarını dedilər.Milli Qəhrəmanımızın Vətən yolunda, bizlər üçün canından keçdiyini söylədilər. Milli Qəhrəmanımızın ən böyük arzusu olan şəhidlik zirvəsinə ucaldığını bildirdilər .Sonra biz Mübariz İbrahimovun məzarını ziyarət etdik. Bu bir Vətən dərsi idi.Mən şagirdlərin Milli Qəhrəmanımıza olan böyük sevgisini gördüm.Şagirdlər orada -Milli Qəhrəmanımızın məzarı önündə söz verdilər ki, Vətənimizi Mübariz İbrahimov kimi sevəcəklər. Hər il şəhidimizin anadan olduğu gün ziyarətinə gələcəklər.Ruhun şad olsun deyirəm.,qəhrəman şəhidimiz .Həmin şagirdlər vətənpərvəlik ruhunda böyüyüb torpaqlarımızı düşməndən azad etdilər.
Bu gün Azərbaycan xalqı, şanlı Azərbaycan ordusu Ali Baş Komandanımız, Prezident İlham Əliyevin səriştəli rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazdı. Və bu tarixin yalnız ilk səhifələridir, tarixi-ədəbi epopeyalar hələ yazılacaq... Dövlətimizin inkişafı keyfiyyətli təhsildən, vətənini dərin məhəbbətlə sevən layiqli övladlardan aslıdır.
-Texnologiyanın inkişaf etdiyi bir dövrdə Azərbaycan dili və ədəbiyyatı dərslərində şagirdlərin marağını artırmaq üçün hansı müasir metod və texnologiyalardan istifadə edirsiniz?
-İnteraktiv lövhələr, multimedia təqdimatlar, virtual ekskursiyalar (məsələn, Nizami Gəncəvi Muzeyinə virtual səyahət), audio kitablar, ədəbi şəxsiyyətlər haqqında qısa video çarxlar — bütün bunlar dərsimi canlı edir. Şagirdlərə layihə tapşırıqları verirəm: məsələn, sevdikləri şairin həyatı haqqında qısa film hazırlamaq, klassik əsəri müasir dillə yenidən danışmaq. Texnologiya məqsəd deyil, vasitədir — əsas olan onu ədəbiyyatın ruhunu çatdırmaq üçün istifadə etməkdir.
-Sağlam və uğurlu təhsil mühitinin formalaşmasında müəllim–şagird–valideyn əməkdaşlığı hansı rolu oynayır?
-Məktəbimizdə bir ənənə olaraq tez-tez “Mənim ailəm”layihəsi çərçivəsində I-XI - siniflərdə oxuyan şagirdlərin valideynləri ilə görüş keçirilir .Valideynlərin məktəbdəki günü səhər saat 9-da başlayır. İlk öncə məktəbin direktoru Kəmalə Qədirova valideynlərlə maarifləndirici söhbətlər aparır. Görüşün şagirdlər üçün əhəmiyyətindən danışır.Valideynlərə bildirilir ki, görüşün əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. Görüşdə valideynləri maraqlandıran suallar cavablandırılır.. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilir və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılır.
Bu üç tərəf bir üçbucağın tərəfləridir — biri zəif olarsa, bütün konstruksiya laxlayır. Müəllim şagirdə bilik və dəyər verir, valideyn evdə bu prosesi davam etdirir, şagird isə hər iki tərəfin əməyini öz uğurunda təcəssüm etdirir. Mən həmişə valideynlərlə açıq ünsiyyət saxlayıram — onları məktəbə cəlb edirəm, övladlarının nailiyyətlərini bölüşürəm. Yalnız birlikdə işləyəndə uğur təminat altındadır.
-Siz şagirdlərinizə həyat və təhsil yolunda ən çox nəyi tövsiyə edirsiniz?
-Şagirdlərimə deyirəm: "Çox oxuyun, çox düşünün, sual verməkdən qorxmayın. Heç vaxt öz ana dilinizi və mədəniyyətinizi unutmayın — bu, sizin kökünüzdür. Uğursuzluqdan qorxmayın, çünki ən böyük uğurlar uğursuzluqlardan doğur. Və ən əsası — yaxşı insan olun. Bilik insan olmadan yarımçıqdır."
-Uzun illər təhsil sahəsində qazandığınız uğurlar sizdə hansı yeni hədəfləri və məsuliyyət hissini formalaşdırıb?
-Hər uğur — yeni bir məsuliyyətdir. Bu gün hədəflərim arasında gənc müəllimlərə təcrübəmi ötürmək, yeni metodik vəsaitlər hazırlamaq, ədəbiyyat tədrisində innovativ yanaşmalar tətbiq etmək var. Eyni zamanda regionlarda müəllimlər üçün təlimlər keçirmək, kənd məktəblərinə daha çox dəstək olmaq arzusundayam. Uğurlar məni yerimdə oturtmur, əksinə, daha çox işləməyə ruhlandırır.
-Bu günün gənclərində ən çox görmək istədiyiniz əsas keyfiyyətlər hansılardır?
-Mən gənclərdə görmək istədiyim ilk keyfiyyət — milli kimliyə bağlılıqdır. Qloballaşan dünyada öz kökünə bağlı qalmaq mühüm məsələdir. Sonra — dürüstlük, çalışqanlıq, tənqidi düşüncə, başqasına hörmət və empatiya. İstərdim ki, gənclərimiz həm müasir, həm də milli olsunlar; həm texnologiyadan istifadə etsinlər, həm də Nizami Gəncəvini , Hüseyn Cavidi , Mikayıl Müşfiqi oxusunlar. Bu balans onları əsl Azərbaycan vətəndaşı edəcək.
-Təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?
-Gənc həmkarlarıma deyərdim: özünüzü daim inkişaf etdirin — oxuyun, öyrənin, yenilikləri izləyin təlimlərdə iştirak edin. Qarşımızda olan şagirdlər hər gün yeni informasiyalar qəbul edir. Siz bu informasiyanı onlar üçün tənzimləyən olun. Hər şagirdə ayrıca insan kimi yanaşın, "zəif" və ya "güclü" deyə damğa vurmayın. Səbirli olun — nəticə bəzən illər sonra görünür. Sevgisiz tədris boş bir formadır; əgər peşənizi sevirsinizsə, şagirdlərinizi də sevirsinizsə, uğur qaçılmazdır. Və ən əsası — heç vaxt unutmayın ki, sizin əlinizdə bir millətin gələcəyi var.
-Azərbaycan təhsilinin ötən dövrünü, hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?
-Azərbaycan təhsili uzun və şərəfli yol keçib. Sovet dövründə sistemli və fundamental təhsil ənənələrimiz formalaşdı. Müstəqillik illərində özünəməxsus milli təhsil modelimizi qurmağa başladıq. Bu gün kurikulum islahatları, rəqəmsallaşma, beynəlxalq təcrübənin tətbiqi ilə yeni bir mərhələdəyik. Gələcəyə baxanda görürəm ki, süni intellekt, fərdiləşdirilmiş təlim, layihə əsaslı öyrənmə daha geniş yer tutacaq. Önəmli olan — bu yeniliklər prosesində milli ruhu və ana dilini qoruyub saxlamaqdır.
-Gələcəklə bağlı şəxsi planlarınız və həyata keçirmək istədiyiniz yeni ideya və layihələr nələrdir?
-Planlarım arasında müəllimlər üçün metodik vəsait hazırlamaq, şagirdlərə yönəlmiş ədəbi-bədii layihələr həyata keçirmək, müxtəlif yaş qrupları üçün oxu klubları yaratmaq var. Həmçinin uzun illərin təcrübəsini cəmləşdirən bir kitab yazmaq arzusundayam — gənc müəllimlərə bir yol xəritəsi ola bilsin. Regionlarda təlimlər keçirmək, müəllimlərlə təcrübə bölüşmək də prioritetlərim arasındadır. Qarabağ məktəbləri ilə körpü yaratmaq,əməkdaşlıq etməkdir.
-Uzun illərini təhsil sahəsinə və şagirdlərə həsr etmiş bir müəllim kimi, müəllimlik yolunuzun sonunda necə xatırlanmaq istərdiniz?
-İstərdim ki, məni "qaydaları yaxşı öyrədən müəllim" kimi yox, "qəlbə toxunan, həyat dərsi verən , gözəl bacarıqlar öyrədən müəllim" kimi xatırlasınlar. Şagirdlərim illər sonra mənim adımı çəkəndə təbəssümlə yad etsinlər, deyə bilsinlər: "Onun dərsində biz təkcə Azərbaycan dilini yox, insan olmağı öyrəndik." Bundan böyük mükafat ola bilməz bir müəllim üçün.
-Məktəbinizdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərə xüsusi önəm verdiyinizi qeyd edirsiniz. Sizcə, şagirdlərin vətənpərvərlik hissinin formalaşmasında müəllimin rolu nədir?-
-Ulu öndər Heydər Əliyev vətənpərvəlik hisslərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvəlik ,Vətən torpağına ,millətə sədaqət ,Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq,inkişaf etdirmək və təbliğ etməkdir”.
Hər bir insan fərd kimi doğulub,şəxsiyyət kimi formalaşır.Bu formalaşma məhz məktəbdə başlayır.Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir.
Biz bu sözü tez-tez işlədirik vətənpərvərlik məktəbdən başlanır. Hər dəfə vətənə layiqli övlad kəlməsi səslənərkən ilk növbədə gözlərimizin önündə təhsil aldığımız məkan-doğma məktəb gəlir. İlk dərs günü şagirdlərimiz doğma Vətənimizin işğalçılardan qorunması naminə canından keçən ,əsl vətənpərvərlik nümunəsi göstərərək , şərəfli bir iz qoyub gedən şəhid Eldar Tağızadənin büstünün önünə tər çiçəklər qoyurlar. Sonra məktəbin pedaqoji kollektivi başda məktəbin direktoru Kəmalə Qədirova olmaqla Şəhidlər xiabanını,Fəxri xiabanı ziyarə edirik.
Şəhidlər xiyabanında azadlığımız ,müstəqiliyimiz,torpaq uğrunda canından keçən şəhidlərimizi ziyarət edirik .Dövlət Himnimizi oxuyub, qəhrəmanlarımızın xatirəsini böyük sevgiylə yad edirik..Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz Vətənini qəlbi ilə, canı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazır olur. Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar.
Vətənpərvəlik buradan başlayır. Məktəbimizdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi ənənəyə çevrilib.Milli qəhrəmanlarımızla, müharibə veteranları ilə görüş təşkil etmək şagirdlərimiz üçün həmişə maraqlı olub. Çünki şagirdlər görüşdə müharibənin canlı şahidləri ilə yaxından tanış olub, kitablardan oxuduqları, filmlərdən gördükləri hadisələri bir daha onların dilindən eşidirlər.
Bu tədbirlər şagirdlərdə doğma vətənə, torpağa olan məhəbbəti birə-beş artırır, onların qəhrəmanlıq ruhunda tərbiyəsində mühüm rol oynayır. Hər keçirilən tədbir şagirdlərimiz üçün bir Vətən dərsidir.
Məktəbdə vətənpərvəlik hissi ilə formalaşdırılan həmin şagirdlər 30 ildir düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir.
İkinci Qarabağ müharibəsində tarix yazan müzəffər ordumuzun şücaəti, qəhrəman oğulların rəşadəti keçirilən Vətən dərslərinin bizim üçün böyük əhəmiyyətə malik olduğunu göstərdi.Vətən dərslərinin şagirdləri torpaqlarımızı işğaldan azad etdilər. Məktəbimizin qaziləri Toğrul Taroyev, Nicat İbrahimov , Rəvan Beybudov, Orxan İsmayılzadə ,Ağəli Quliyevlə görüş zamanı bu qəhrəman oğulların Vətən sevgisi,torpaq sevgisi məni heyran etdi. Qazilərimiz Cəbrayıl,Qubadlı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdən danışdılar.Onların döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdikləri iradə, cəsarət ,döyüşçü ruhu şagirdlərə bir qəhrəmanlıq dərsi idi.
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması məktəbimiz üçün hər zaman prioritet vəzifələrdən olub. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir .Biz qəhrəman oğullarımızla fəxr edirik.
Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsində canlarını fəda etmiş şəhidlərin ailələrinə hörmət, şəhidlərimizin əmanətlərinə sahib çıxmaq bizim hər birimizin borcudur. Cənab Prezidentimiz İlham Əliyevin müharibə dövründə əsgərlərlə görüşü zamanı dediyi kimi “ Bu gün yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Dövlət öz əsgərinin yanındadır”
Vətənpərvərlik şüarlarla deyil, qəlbə toxunan dərslərlə formalaşır. Müəllim bu prosesdə birinci sıradadır. Mən şagirdlərimə Vətən sevgisini Sabirin satirası, Cavidin fəlsəfəsi, Səməd Vurğunun "Azərbaycan" şeiri, 44 günlük Vətən müharibəsi şəhidlərimizin xatirəsi vasitəsilə ötürürəm. Onlara öyrədirəm ki, Vətəni sevmək — onun dilini, mədəniyyətini, tarixini bilmək və qorumaq deməkdir. Hər il 8 Noyabr — Zəfər Günü, 20 Yanvar Ümumxalq Hüzn Günü , 31 Mart Soyqırım Günü keçirdiyimiz tədbirlər şagirdlərin yaddaşında dərin iz buraxır. Müəllim Vətən sevgisini özü yaşamasa, onu şagirdə ötürə bilməz.
-Son dərs gününüzü necə təsəvvür edirsiniz? O gün şagirdlərinizə demək istədiyiniz ən vacib söz nə olardı?
-Son dərs günümü düşünəndə qəlbim həm kədərlənir, həm də qürur duyur. O gün, yəqin ki, sinif otağına həmişəkindən daha erkən gələrəm, lövhəyə baxaram, bütün illərin xatirələri gözlərim önündən keçər. Şagirdlərimə isə sadəcə bunu demək istərdim:
"Əziz şagirdlərim , mən sizə qrammatika qaydaları öyrətdim, şeirlər oxutdum, mətnlər təhlil etdik. Lakin əsl arzum sizə yalnız bunları öyrətmək deyildi. İstəyirdim ki, siz oxuyan, düşünən, sevən, Vətənini, dilini və özünü qoruyan gənclər olasınız. Harada olsanız, hansı peşədə çalışsanız, Ana dilinizi və mədəniyyətinizi unutmayın. Mən sinifdən gedəcəyəm, amma sizin qəlbinizdə öyrəndiyiniz hər bir söz, hər bir şeir mənim əvəzimdə qalacaq. Sağ olun ki, mənə müəllim olmaq xoşbəxtliyini yaşatdınız.
Sonda bildirmək istəyirəm ki, müəllim yolu getmək, müəllim adı daşımaq, müəllim ömrü yaşamaq, bu yolda öz izini qoymaq hər adama nəsib olmur.Bu şərəfli yolda bütün həmkarlarıma uğurlar arzu edirəm.
Söhbətimizin sonuna yaxınlaşdıqca bir daha aydın oldu ki, Bağırova Təranə Böyükxan qızı üçün müəllimlik sadəcə bir peşə deyil, həyat amalına çevrilmiş müqəddəs bir missiyadır. Onun fikirlərində həm uzun illərin pedaqoji təcrübəsi, həm də ədəbiyyata, mütaliəyə və gənc nəslin inkişafına sonsuz sevgi duyulurdu. Təranə müəllimə yalnız Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən pedaqoq deyil, həm də şagirdlərinə düşünməyi, mütaliə etməyi, analiz aparmağı və milli-mənəvi dəyərlərə bağlı bir şəxsiyyət kimi formalaşmağı öyrədən dəyərli bir ziyalıdır. Söhbətimiz boyu onun peşəsinə sadiqliyi, şagirdlərinə göstərdiyi qayğı və illərin təcrübəsindən süzülüb gələn fikirləri bir daha göstərdi ki, müəllimlik böyük məsuliyyət, səbir və ürək tələb edən şərəfli həyat yoludur.
Bu müsahibə bizə bir daha sübut etdi ki, uğurun təməlində zəhmət, sevgi, səbir və peşəyə bağlılıq dayanır. Təranə müəllimənin fikirləri müəllimin cəmiyyətin inkişafında oynadığı mühüm rolu bir daha təsdiqlədi. Çünki yaxşı müəllim yalnız dərs öyrətmir, o, eyni zamanda gələcəyi formalaşdırır, şagirdlərin həyat yoluna işıq tutur və onların uğurlarında öz əməyinin bəhrəsini görür.
Hörmətli Təranə müəllimə, sizə bu şərəfli və məsuliyyətli fəaliyyətinizdə daim uğurlar arzulayırıq. Gələcək pedaqoji fəaliyyətinizdə yeni nailiyyətlər, şagirdlərinizin uğurları ilə dolu qürurverici anlar və daim işıqlı günlər diləyirik. İllərlə qazandığınız hörmət və sevginin bundan sonra da sizi əhatə etməsini arzu edirik. Şagirdlərinizin əldə etdiyi hər bir uğur sizin zəhmətinizin ən gözəl bəhrəsi kimi daim dəyərləndirilsin.
Arzu edirik ki, həyata keçirməyi düşündüyünüz bütün məqsədlər gerçəkləşsin, hər yeni gün sizə sevinc və uğur gətirsin. Uca Tanrıdan sizə möhkəm can sağlığı, uzun ömür və tükənməz enerji arzulayırıq.
Bu səmimi və dəyərli müsahibəyə görə sizə təşəkkür edir, bizə vaxt ayırıb həyat və pedaqoji təcrübənizi bölüşdüyünüz üçün minnətdarlığımızı bildiririk. Sizinlə söhbət etmək bizim üçün böyük şərəf və xüsusi bir zövq oldu.