Müəllimlik cəmiyyətin intellektual və mənəvi inkişafında mühüm rol oynayan, böyük məsuliyyət və fədakarlıq tələb edən şərəfli peşələrdən biridir. Bu peşənin daşıyıcıları yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran, gənc nəslin dünyagörüşünün inkişafına istiqamət verən ziyalılardır. Təhsil və elm sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, pedaqoji və elmi fəaliyyəti ilə seçilən belə ziyalılardan biri də tarix üzrə fəlsəfə doktoru Könül Kərimovadır. Uzun illərdir təhsil sahəsində çalışan Könül Kərimova hazırda Cəlilabad şəhəri akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə tarix müəllimi, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında müəllim kimi fəaliyyət göstərir. O, pedaqoji fəaliyyəti ilə yanaşı, tarix və arxeologiya sahəsində apardığı elmi araşdırmalarla da tanınır. Onunla müəllimlik peşəsinin məsuliyyəti, tarix elminə olan marağının formalaşması, elmi-pedaqoji fəaliyyəti, arxeoloji tədqiqatları, qazandığı uğurlar və gələcəyə dair hədəfləri ətrafında söhbət etdik.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
-Mən Kərimova Könül Alim qızı, 1980-ci il iyunun13-də Cəlilabad rayonunun Allahverən kəndində anadan olmuşam. 1987-1997-ci illərdə Cəlilabad rayon Hamarqışlaq kənd tam orta məktəbində təhsil almışam. 1997-ci ildə ADPU-nun Tarix fakültəsinə qəbul olunmuş, 2001-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişəm. 2006-2008-ci illərdə Lənkəran Dövlət Universitetində Magistr təhsili almışam. Bu təhsil pilləsini də fərqlənmə diplomu ilə başa vurmuşam. 2018-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda arxeologiya ixtisası üzrə dissertasiya müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. Əmək fəaliyyətimə Cəlilabad şəhər Ak.Z.Əliyeva adına 7 saylı tam orta məktəbdə müəllim kimi başlamışam. 2001-ci ildən bugünədək Həmçinin ADPU Cəlilabad filialında 2006-cı ildən bugünədək müəllim kimi işləyirəm.
-Niyə məhz tarix fənnini və müəllimlik peşəsini seçdiniz?
-Tarix müəllimi olmağa aparan yolum, uşaqlıqda qurduğum xəyallardan başlayıb. Belə bir məhşur ifadə var “Xəyal qurmaq gələcəyi yaratmağın ilk addımıdır”. Mənim üçün şagird olanda öyrəndiyim tarix, oradakı qəhrəmanlar, xəyalən yaşadığım bir dünya idi. Hətta uşaqlıqda göydəki ulduzlara belə müxtəlif qəhrəmanların adlarını vermişdim. Onlar haqqında daha çox məlumat toplamaq, xəyalən bunları o ulduzlara baxaraq səssizcə danışmaq mənim uşaqlıq dünyamın ən gözəl hissələrindən idi. Doğrusunu desəm, mən heç vaxt tarix müəllimi olacağımı düşünməzdim. Şagird olanda məktəbdə keçdiyimiz bütün fənləri sevirdim, xüsusilə də riyaziyyat fənnini. Amma şagird olduğum illərin çətinliyi bəlkədə bu peşəni seçməmə səbəb oldu.Mən 1987-1997-ci illərdə Cəlilabad rayon Hamarqışlaq kənd tam orta məktəbində təhsil almışam. Bizim kənd qonşu Allahverən kəndi idi və kiçik olduğu üçün kəndimizdə məktəb yox idi. Biz hər gün qonşu kəndə piyada gedərdik məktəbə. O illərdə kənddə qızların oxumağına çox icazə verilmirdi. Təəssüf ki, mən də VIII sinfi bitirəndən sonra məktəbə davamlı gedə bilmədim. Amma qarşıma məqsəd qoymuşdum...- “mən ali təhsil alacam” deyirdim. Evdə dəqiq fənləri müəllimsiz hazırlaşmaqda çox çətinlik çəkirdim, buna görə də humanitar sahəyə yönəldim. O günlərdə müəllim olmağa qərar verdim. “Mən ehtiyacı olan hər kəsə, xüsusilə qızların təhsil almasına yardım edəcəm” deyə söz verdim özümə.
-İlk dərs gününüzü necə xatırlayırsınız? O gündən bu günə pedaqoji fəaliyyətinizdə hansı dəyişiklikləri yaşamısınız?
-2001-ci il oktyabrın 1- də, bazar ertəsi günü mən müəllim kimi ilk dəfə sinfə daxil olmuşam. Xatırlayıram, ilk dərsim 11 A sinfinə idi. Sonra məlumatım oldu ki, 11 A sinfi məktəbin ən dəcəl siniflərindən imiş. Hətta dərsdən çıxanda məktəbin direktoru sinif otağının qapısında idi. Həyəcanla soruşdu ki, “Necə keçdi dərsiniz müəllimə?” J. Mən ilk gün həyəcanlı olsam da, çox gözəl idi müəllimlik hissini yaşamaq.
Artıq 25 ildir müəllim kimi çalışıram. Əminliklə deyə bilərəm ki, sevgi və məsuliyyət hissi heç dəyişməyib. Amma o gündən bu günə pedaqoji fəaliyyətimdə əlbəttə ki çox təcrübə qazanmışam. Təkcə mən şagirdlərimə öyrədən olmamışam, onlardan da çoxşey öyrənmişəm.
-Sizcə, tarix fənni gənc nəslin dünyagörüşünün və vətəndaş mövqeyinin formalaşmasında hansı rolu oynayır?
-Təhsil standartları bizim qarşımızda müasir dünyanın tələblərinə cavab verən bilik, bacarıq və dəyərlərə malik gənc nəsil yetişdirmək vəzifəsini qoyub. Ən başlıcası, bu gənc nəsil yüksək milli-mənəvi dəyərlərə sahib olmalıdır. Mənim fikrimcə bu dəyərlərin formalaşdırılmasında tarix fənninin rolu əvəzsizdir. Çünki tarixi bilmədən milli dəyərləri dərk etmək mümkün deyil.
-Tarixi hadisələri şagirdlər üçün canlı və maraqlı etmək məqsədilə hansı metodlardan istifadə edirsiniz?
- Şagird öyrəndiyi tarixi xəyaləndə olsa canlı yaşamalıdır. Dərsdə elə bir şərait olmalıdır ki, şagird özünü öyrəndiyi döyüşün qəhrəmanı kimi görməli, ya da hansısa hökümdarın yerində özünü təsəvvür etməlidir. Amma ən önəmlisi çalışmaq lazımdır ki, şagird tarixdən ideallar yox, özü üçün daha çox ideyalar çıxarsın. Yəni öyrəndiyi dövrdəki səhflərdən dərs çıxarsın. Belə tərbiyə olunan gənc nəsil məncə keçmişin səhflərin təkrarlamaz və daha uğurlu bir gələcək qurular. Qaldıkı şagirdə bu canlılığı yaşatmaq üçün seçdiyimiz metodlara., bunun üçün təlimin strategiyaları çoxdur. Mövzuya uyğun doğru strategiyanın seçilməsi işin ən önəmli tərəfidir məncə.
-İnformasiya bolluğu və sosial şəbəkələrin təsiri dövründə tarix müəlliminin əsas missiyası nədən ibarətdir?
- Bilirsiniz mən texniki yeniliklərə qapanmanın əleyhinəyəm. Bəzən belə fikirlər səslənir ki, müxtəlif sosial şəbəkələr bağlansın, qadağan edilsin və s. Bu həll yolu deyil. Əsas məqsədimiz, bu informasiyalardan səmərəli istifadə edə bilən gənc nəsil tərbiyə etmək olmalıdır.
-Tarixin tədrisində faktları əzbərlətmək daha vacibdir, yoxsa hadisələrin səbəb-nəticə əlaqələrini izah etmək?
-Şagird əldə etdiyi biliyi bacarığa çevirə bilməlidir. Buna görə əlbəttə ki, faktlara əsaslanan səbəb-nəticə əlaqələrini mənimsəməsi vacibdir.
-Tarix dərslərində vətənpərvərlik hissinin formalaşdırılması ilə obyektiv yanaşma arasında tarazlığı necə qorumaq olar?
-Mən bir ifadəni dərslərdə tez-tez işlədirəm: -Bizim utanılacaq tariximiz yoxdur. Buna görə də, tariximizin təhrif edilmədən, müxtəlif mənbələrə istinad edərək düzgün və obyektiv tədris edilməsinə çalışıram. Bu yolla həm vətənpərvər, həm də tənqidi düşünə bilən vətəndaş formalaşdırmaq mümkündür.
-Müəllimlik peşəsinin ən çətin və ən dəyərli tərəfləri hansılardır?
-Müəllimlik peşəsinin ən dəyərli tərəfi şagirdlərin hiss etdirdikləri saf sevgidir. Açığını desəm, ən çətin tərəfi elə indiki dövrdə müəllim olmaqdır.
-Şagirdlərin tarixə marağını artırmaq üçün tədris prosesində hansı yeniliklərin tətbiqinə ehtiyac görürsünüz?
-Əvvəl də qeyd etdiyim kimi tarix canlı təsəvvür edildikdə daha maraqlı olur. Müasir texnologiyalarla bu tələbi yüksək səviyyədə təmin etmək mümkündür. Buna görə bütün şagirdlər və siniflər üçün bu vasitələr əlçatan olmalıdır.
-Tarixdən dərs çıxarmaq ifadəsi tez-tez işlədilir. Sizcə, bəşəriyyət tarixdən lazımi nəticələri çıxara bilirmi?
-Mən də sizin bu sualınıza George Santayananın fikri ilə cavab verim.. O söyləyirdi ki, “Keçmişi unudan, keçmişindən dərs almayan cəmiyyət onu təkrar yaşamağa məhkumdur”. Müasir dünyada baş verənlərə nəzər saldıqda təəssüf hissi ilə deyə bilərəm ki – Yox! Bəşər övladı tarixdən lazımi nəticələr çıxara bilmir.
-Uzun illər ərzində qazandığınız nailiyyətlər və yetirmələrinizin uğurları müəllim kimi fəaliyyətinizə necə təsir edib?
- Azərbaycan müəllimlərinin atalarından sayılan Sultan Məcid Qənizadə şagirdləri müəllimin tarı-kamanı adlandırır. Tələbə olan zaman bu fikri oxuyanda o qədər də dərk etməmişdim doğrusu. Amma müəllim olduqdan sonra daha yaxşı anladım.. Şagirdlərimizin uğurlarını eşitdikcə, bu xəbərlər mənim üçün ruhumu oxşayan ən gözəl melodiya olur.
-Şagirdlərinizə yalnız tarix yox, həyat dərsi kimi hansı əsas fikirləri aşılamağa çalışırsınız?
- Məncə təkcə mən yox, bütün müəllimlər ilk növbədə şagirdlərini gözəl keyfiyyətlərə malik insan kimi formalaşdırmağa çalışırlar.
-Hansı müəlliminizin və ya tarixi şəxsiyyətin fikirləri bu gün də sizin üçün yolgöstəricidir?
- Təhsil pillələrində dərs aldığım bütün müəllimlər mənim üçün dəyərlidir. Mənim üçün yolgöstərici fikir isə, hər zaman Allahın peyğəmbərimizə göndərdiyi “Quran”ın ilk ayətidir: - “Oxu!” .. Bundan gözəl yolgöstərici ola bilməz.
-Tarix müəllimi olaraq Azərbaycan tarixinin hansı dövrünün daha dərindən öyrənilməsinə ehtiyac olduğunu düşünürsünüz?
- Bilirsiz tarix elə bir elm sahəsidir ki, bu sahədə “nöqtə” yoxdur. Yəni bir fikir söylərkən çox vaxt “məlum olan mənbələrə əsasən” ifadəsini işlədirik. Çünki hər zaman yeni mənbələr tapıla, yeni fikirlər ortaya çıxa bilər. Azərbaycan tarixinin bütün dövrləri zəngindir və bu zənginlikləri daha dərindən araşdırmağa hərzaman ehtiyac var.
-Qarabağın işğaldan azad olunması və son illərin tarixi hadisələrinin tədrisi şagirdlərdə hansı təsiri yaradır?
-Bu mövzular mənim tədris etdiyim zaman ən çox çətinlik çəkdiyim mövzulardır. Bu mövzuları tədris edərkən duyğular ən yüksək səviyyədə olur. Əvvəl çox üzüntü duyurduqsa, indi qürur hissindən gözlərimiz dolur. Əvvəllər şagirdlərin torpaqlarımızın işğalından danışarkən “niyə” suallına cavab vermək çətin idisə, indi qələbəmizdən qəlbimizə dolan qürur, fərəh hissi ilə danışırıq. Bu qələbə bir qəhrəmanlıq dastanıdır. Əminəm ki, şagirdlərimizin arzularında belə bir dastanda yer almaq var, xəyalən də olsa. Buna çox sevinirəm, həm bir müəllim, həm də bir vətəndaş kimi. Çünki ilk sualınızda işlətdiyim ifadədə deyildiyi kimi: - Xəyal qurmaq gələcəyi yaratmağın ilk addımıdır!
-Təcrübəli pedaqoq kimi gənc tarix müəllimlərinə hansı tövsiyələri vermək istərdiniz?
- Əgər işlərini sevərək və daim öyrənərək edəcəklərsə uğur qaçınılmazdır!
-Gələcəklə bağlı peşəkar hədəfləriniz və planlarınız nələrdir?
-Mən rayonumuzun ərazisində tarixi abidələrin ətraflı öyrənilməsi, tədqiqi üçün bir arxeoloq kimi daha çox fəaliyyət göstərmək istəyirəm.
-Əgər tarixdə bir dövrə və ya hadisəyə şahidlik etmək imkanınız olsaydı, hansı dövrü seçərdiniz və niyə?
- Bu sualı mənim şagirdlərimə versəydiniz əminəm əksəriyyəti o anda cavab verərdi – “Müəllimə hunları, Atillanı görmək istəyir” deyərdilər Doğrusu seçmək çətindir.. Mən Tomrislə bərabər Kirlə döyüşmək, Babəklə bərabər Bəzz qalasını müdafiə etmək, Şah I İsmayılın dövlət qurmasına, Cumhuriyyətin qurulmasına və s.. şahidlik etmək istərdim. Tariximizin hər səhifəsi şərəflidir.
-Sizcə, tarixi bilməyən cəmiyyət hansı risklərlə üzləşə bilər?
-Tarixi unudanın gələcəyi olmaz!
-Son dərs gününüzü necə təsəvvür edir və necə xatırlanmaq istərdiniz?
-Ayrılıqlar hər zaman kədərlidir...