Bu gün riyaziyyatçı alim, tanınmış təhsil eksperti və naşir Əlövsət Osmanlının doğum günüdür. Yaşasaydı 70 yaşı olacaqdı. Amma indi onun vaxtsız ölümündən 13 ilə yaxın vaxt keçir...
Əlövsət müəllim riyaziyyatçı ailəsində dünyaya göz açmışdı. Atası Cəlal müəllim Borçalının tanınmış riyaziyyatçılarından idi. Onun qardaşları, həyat yoldaşı, hətta övladları da riyaziyyatçıdır. Bəlkə də elə bu amil onu təhsilimizi düşdüyü vəziyyətdən riyaziyyat fənninin xilas edəcəyi barədə bir az da sentimentalcasına düşünməyə sövq edirdi.
Əslində o doğru da fikirləşirdi. İndiki dövrdə riyazi bilikləri, riyazi məntiqi ibtidai təhsil pilləsində mənimsəmədən uzağa getmənın mümkünsüzlüyü hər kəsə məlumdur. Onun akademik riyaziyyatı buraxıb ibtidai təhsil pilləsi riyaziyyatının nəzəriyyə və təcrübəsinə üz çevirməsi də bununla bağlı idi. Savadlı, isdedadlı, eyni zamanda, inadkar idi. İnandığı, doğruluğuna şübhə etmədiyi yoldan çəkinməzdi. O, fəaliyyətdə olan müəllimlərin əksəriyyətinin çağdaş tələblərə cavab vermədiyini yaxşı bilirdi. Ona görə də hesab edirdi ki, bu sahədə qısa müddətdə nəyəsə nail olmaq real deyil. Amma dərslik komplektlərinin keyfiyyətinin yüksəldilməsi yolu ilə bu işdə böyük dönüş yaratmaq olar. İnanırdı ki, yaxşı dərslik komplekti (dərslik, müəllim üçün metodik vəsait və iş dəftəri) yalnız şagirdləri deyil, həm də müəllimləri və valideynləri də öyrətmə gücünə malikdir. Azərbaycan reallığında təhsili canlandırmaq üçün seçə biləcəyimiz ən univerisal alətin dərslik olduğunu bildiyindən onun uğrunda assimetrik mübarizə aparırdı. Fikirlərini ölkə mətbuatında heç kəsdən çəkinmədən ardıcıl olaraq bəyan edir, oponentlərini şəffaf müzakirələrə çağırırdı. Əli çatan bütün ölkələrdən riyaziyyat dərslikləri alır, onları diqqətlə araşdırır, qabacıl ölkələrin təcrübəsini öyrənir, bu sahədə milli modelin yaradılması üçün Təhsil Nazirliyinə əlindən gələn köməyi edirdi.
Həmkarları ilə birgə yaratdığı I-IV siniflər üçün riyaziyyat dərslikləri, metodik vəsaitlər ölkəmizin tədris Azərbaycan, rus və gürcü dillərində olan məktəblərində geniş istifadə edilirdi. Onların bir hissəsini özünün yaratdığı və rəbərlik etdiyi “Pedaqogika” nəşriyyatında şəxsi vəsaiti hesabına nəşr edib məktəbərə hədiyyə edirdi. Yalnız dərslik yazmırdı, həm də dərslik nəşri işinin hüquqi bazasının yaradılmasında, tədris proqramlarının hazırlanmasında fəal iştirak edirdi. 2006-cı ilin əvvəlində Nazirlər Kabinetinin razılığı ilə təsdiq edilmiş “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı konseptual sənədin ərsəyə gəlməsində zəhməti az omamışdı.
Əölvsət müəllim hesab edirdi ki, Təhsil Nazirliyinin, eyni zamanda, həm dərsiklərin yazılması, həm də qiymətəndirilməsi və nəşri prosesinə nəzarəti düzgün deyil. Bu istər-istəməz neqativ halların ortaya çıxmasına səbəb olur. Ona görə də Prezidentin dərsliklərin monitorinqi ilə bağlı məsələlərin Dövlət İmtahan Mərkəzinə həvalə edilməsi barədə qərarını böyük sevinclə qarşılamışdı...
Əlövsət müəllim sözün əsl mənasında vətənpərvər idi və xalqını çox sevirdi. Xeyirxah idi. Yazdıqlarını çap etməyə imkanı olmayan alim və yazıçıların kitablarını öz hesabına çap etdirir, tələbələrə, ehtiyacı olanlara heç bir təmənna güdmədən kömək göstərirdi ki, hər şeyin “bazarlıq” olmadığına, insanlığın hələ yaşadığına ümidlərini itirməsinlər. Ona görə də bu gün onu tanıyan hər kəs adını hörmətlə anır.
Allah rəhmət eləsin!
Prof. Məmməd Bayramoğlu,
Dr. Fikrət Süleymanoğlu