8 iyun 2026-cı il tarixində SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə sayca 5-ci faiz ödənişi həyata keçirilib.
“SOCAR Capital”dan verilən məlumata görə, növbəti kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları məbləğində vəsait köçürülüb. Bununla da SOCAR-ın “yaşıl” istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizin “yaşıl” enerji sahəsində həyata keçirdiyi strateji təşəbbüslərə töhfə vermək məqsədilə emissiya olunub. İllik 6% gəlirlilik təqdim edən bu istiqrazlar 5 illik müddətə buraxılıb və investorlar tərəfindən böyük maraqla qarşılanıb.
2025-ci il martın 7-dən etibarən Bakı Fond Birjasında (BFB) ticarəti başlanan SOCAR-ın “yaşıl” istiqrazları daxili kapital bazarında aktivliyin artmasına mühüm töhfə verib. Bu günədək BFB-də həmin istiqrazlar üzrə 35,5 milyon ABŞ dollarından artıq məbləğdə 512 əqd bağlanıb.
“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir və istiqrazlar müddətin sonunadək sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 114 milyon ABŞ dolları təşkil edib. Bağlanmış əqdlərin ümumi sayı isə 1726-ya çatıb ki, bu da BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 32,4%-ni təşkil edir.
Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından — 2016-cı ildən bu günədək SOCAR tərəfindən vətəndaşlara və investorlara ümumilikdə 60 milyon 250 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı mərkəzi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, eləcə də ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.
Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib
Bakı Ali Neft Məktəbində ilk dəfə SABAH proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb