Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir. “İki sahil” xəbər verir ki, növbəti görüşlər Laçın rayonunun Zabux kəndində, Zəngilan rayonunun Ağalı kəndində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, eləcə də Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində baş tutub.
Sahə görüşlərinin əsas məqsədi sakinlərin kənd təsərrüfatı fəaliyyəti üzrə mövcud vəziyyətini hərtərəfli öyrənmək, onların cari təsərrüfat işlərində praktiki bacarıqlarını artırmaq və bu sahədə ehtiyaclarını müəyyənləşdirmək olub. Həmçinin təsərrüfatların daha səmərəli idarə olunması, məhsuldarlığın artırılması və müvafiq istiqamətlər üzrə peşəkar məsləhətlərin təqdim edilməsi nəzərdə tutulub.
Təsərrüfat sahibləri ilə görüşlərdə onların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. AXA-nın mütəxəssisləri tərəfindən əkin sahələrinin vəziyyəti qiymətləndirilib, torpağın becərilməsi, bitkilərin mühafizəsi, gübrələmə tədbirləri və məhsuldarlığın artırılması ilə bağlı tövsiyələr verilib. Eyni zamanda sakinlərə torpaq analizlərinin aparılmasının əhəmiyyəti barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, torpağın münbitlik göstəricilərinin müəyyənləşdirilməsi düzgün gübrələmə proqramının hazırlanmasına, resurslardan səmərəli istifadəyə və nəticə etibarilə daha yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır.
Proqram çərçivəsində heyvandarlıq təsərrüfatlarına da baxış keçirilib. Baytar həkimlər tərəfindən saxlanılan heyvanların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, yemləmə qaydaları, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, peyvəndləmə və müxtəlif xəstəliklərdən qorunma üsulları barədə sakinlərə ətraflı məlumat verilib.
“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO
ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı panel keçiriləcək
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş əməkdaşın ailəsi ziyarət edilib