09 iyun 2026 14:59
262

Kürdəmirdə  “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

İyunun 9-da YAP Kürdəmir rayon təşkilatının “Bakı prospekti 20” ərazi partiya təşkilatında (“Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi) “15- iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”  mövzusunda Kürdəmir Gənclər evində  tədbir keçirilmişdir. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.

“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “15-iyun Milli Qurtuluş Günü” adlı  videoçarx nümayiş olunub.

Tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan Qafarov məruzə edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev yalnız 1993-cü ilin 15 iyun tarixindən sonra  dövlətimizi xilas etmədi, həm də Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qanunçuluq təmin olundu, iqtisadi inkişafın əsası qoyuldu və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Bu gün ölkəmizin qazandığı bütün uğurların təməlində məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu dayanır. Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı olmuşdur. Ulu Öndər yaxşı anlayırdı ki, hər bir dövlətin gələcəyi onun gənclərinin necə yetişməsindən asılıdır.

O, Azərbaycan  gənclərini  ölkənin  sabahı,  dövlətçiliyin  dayağı və xalqın ən böyük sərvəti hesab edirdi. Təsadüfi deyil ki, onun  məşhur  “Gənclər bizim gələcəyimizdir” fikri bu gün də öz aktuallığını qoruyub saxlayır.
      Tədbirdə çıxış edən “Bakı prospekti 20” ərazi partiya təşkilatının  sədri “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov və  Kürdəmir rayon Mürtülü kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Elanora Süleymanova bildiriblər  ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərlə bağlı dövlət siyasətinin əsasları yaradıldı. Azərbaycan tarixində ilk dəfə olaraq gənclər siyasəti dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyən edildi. Gənclərin təhsil alması, vətənpərvərlik ruhunda formalaşması, dövlət idarəçiliyində iştirakının təmin olunması və sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atıldı. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi və bununla da ölkədə gənclər siyasətinin institusional əsasları formalaşdırıldı.