“Google”un yeni alış-veriş platforması süni intellektin pərakəndə ticarətdəki rolunu daha da genişləndirir.
Şirkətin “Universal Cart” (Universal Səbət) funksiyası istifadəçilərə “Google Axtarış”, “Gemini”, “Gmail” və “YouTube” platformaları üzərindən tapdıqları məhsulları vahid səbətə əlavə etməyə, daha sonra isə “Google”un süni intellektindən alış-veriş tövsiyələri almağa imkan verir. “Google” şirkəti yeni funksiyanın təqdimatı ilə bağlı açıqlamasında “Universal Cart”ı “ağıllı alış-veriş səbəti və "Google"da alış-verişin yeni mərkəzi” kimi xarakterizə edib. Şirkətdən bildirildiyinə görə, sistem istifadəçinin ehtiyaclarını əvvəlcədən proqnozlaşdırmağa və problemlər yaranmadan onları həll etməyə çalışacaq.
Yeni platforma yay aylarında əvvəlcə “Google Axtarış” və “Gemini”də istifadəyə veriləcək, daha sonra “YouTube” və “Gmail” xidmətlərinə də inteqrasiya olunacaq. “Nike”, “Sephora”, “Target”, “Walmart” və “Wayfair” kimi tanınmış markalar ödəniş mərhələsində “Universal Cart”la inteqrasiya ediləcək.
Qetd edək ki, “Google”un təqdim etdiyi texnologiya, müştərinin minimum iştirakı ilə alış-veriş seçimlərini optimallaşdıran süni intellekt (AI) əsaslı alış-veriş sistemlərinin yeni mərhələsini simvolizə edir. İstifadəçi səbətə məhsul əlavə etdikdə, normalda əl ilə yerinə yetirilən bir sıra əməliyyatları platformanın süni intellekti arxa planda yerinə yetirəcək.
Şirkətdən bildiriblər ki, sistem endirimləri aşkar edəcək, qiymət düşüşləri barədə xəbərdarlıq göndərəcək, qiymət tarixçəsini göstərəcək və stokda olmayan məhsul yenidən satışa çıxanda istifadəçini məlumatlandıracaq. Bundan əlavə, “Universal Cart” səbətdəki məhsullar arasında uyğunsuzluqları da aşkar edə bilər. Məsələn, soba üçün uyğun olmayan ehtiyat hissəsinin seçilməsi kimi hallarda istifadəçiyə xəbərdarlıq ediləcək. Sistem, həmçinin “Google Wallet”də saxlanılan ödəniş üsullarından istifadə etməklə hansı bonus və mükafatların qazanıla biləcəyini göstərəcək.
Analitiklər qeyd edirlər ki, istehlakçılar alış-veriş zamanı getdikcə daha çox süni intellektdən istifadə etməyə başlayırlar. “Adobe” şirkətinin yanvar ayında yayımladığı analizə əsasən, ötən ilin bayram mövsümündə “ChatGPT” kimi generativ AI alətləri pərakəndə satış saytlarına yönələn trafiki 893,4 faiz artırıb. “Adobe Digital Insights” şirkətinin baş analitiki Vivek Pandya həmin analizdə qeyd etmişdi ki, 2025-ci ilin bayram mövsümündə istehlakçılar generativ AI-ni alış-veriş köməkçisi kimi əvvəlkindən daha çox qəbul ediblər.
Ekspertlər bildirirlər ki, AI istifadəçinin ehtiyac və üstünlüklərini uyğun məhsul tövsiyələrinə çevirərək peşəkar alış-veriş məsləhətçisi kimi fəaliyyət göstərir. Bununla yanaşı, tənqidçilər “Universal Cart” kimi AI əsaslı platformaların etik suallar doğurduğunu vurğulayırlar. Onların fikrincə, ən vacib və hələ tam həll olunmamış məsələ belə sistemlərin istifadəçi maraqları üçün, yoxsa ilk növbədə korporativ mənfəət üçün optimallaşdırılacağıdır.
Şahnigar Əhmədova, “İki sahil”